"Morozko" filminin Nastenkası - FOTO-VİDEO
    • 27-11-2018, 16:51
    • 4 769

"Morozko" filminin Nastenkası - FOTO-VİDEO

Sovetlər Birliyinin uşaqlar üçün çəkdiyi, yeni il bayramı ərəfəsində ən çox gözlənilən və maraqla izlənilən əsas filmərindən olan "Morozko" bu gün də maraqla izlənilir.

Filmi təkcə bugünün uşaqları deyil, sovetlər dönəminin uşaqları - indiki böyüklər də eyni uşaq duyğusu ilə izləyirlər. Bu yazıda sözügedən filmin Nastenka obrazını oynayan aktrisa Nataliya Sedıx haqda məlumat veriləcək. 

Nataliya Evgeniyevna Sedıx 10 iyul 1948-ci ildə doğulub. Hələ 4 yaşında ikən konki üzərində durmağı bacaran Nataliya Sovet İttifaqının "ən kiçik fiqurlu konkisürəni" kimi şöhrət tapmışdı. Onun haqqında təkcə yerli deyil, xarici mətbuatda da xəbərlər yazılırdı. 

Sedıx 15 yaşındaykən TV-də "Ölən qu quşu" nömrəsi ilə fiqurlu konkisürmədə çıxış edərkən onu rejissor Aleksandr Rou görür və "Morozko" filminə dəvət edir. Nataliya təklifi qəbul edir və filmin baş rol qəhrəmanı Nastenkanı oynayır (1964). Film ekranlara çıxan kimi gənc qız öz gözəlliyi və təbiiliyi ilə tamaşaçı rəğbəti qazanır. Nataliyanın ilk öpüşü də məhz həmin filmdə İvanuşka obrazını yaradan Eduard İzotovla olur. Çəkilişlər vaxtı Nataliya əslində İzotova gizli aşiq olmuşdu. Aktrisa kimi də şöhrətlənən Sedıx 1965-ci ildə "Don Kixotun uşaqları" filmində Motya obrazında çəkilir. 1968-ci ildə o, Aleksandr Rounun daha bir nağıl janrında olan "Alov, su və... mis borular" filmində əsas obraz olan Alyonuşkanı canlandırır.  
1969-cu ildə Nataliya Moskva xoreoqrafiya məktəbini bitirdikdən sonra Böyük Teatrın balet truppasına qəbul edilir. O, əvvəl kordebaletdə çıxış edir, bir müddət sonra truppanın solisti olur. Teatrla birgə çoxlu qastrollarda olan aktrisa özünün ən böyük uğurunu "Anna Karenina" baletindəki Kitti partiyasını hesab edir. Həmin baletdə Sedıxın tərəf müqabilləri Mayya Plisetskaya və Maris Liepa olmuşdu. 
N. Sedıx teatrla birgə Sankt-Peterburqda qastrol səfərində olarkən rejissor Viktor Lebedevlə tanış olur. Bir müddət sonra onlar ailə qururlar. Ancaq nigah 10 il sürür. Aktrisanın həmin nigahdan Aleksey adlı oğlu var. Deyilənə görə boşanmalarına səbəb ikilinin çox vaxt ayrı şəhərlərdə yaşaması olub. Nataliya Moskvada, Viktor isə Sankt-Peterburqda yaşayırdı. Boşandıqdan sonra oğlu atası ilə qalmağı seçib. 
Sonuncu dəfə 1978-ci ildə filmdə oynayan aktrisa uzun müddət kinoya ara verir və özünü baletə həsr edir. 1990-cı ildə yenidən kinoya çəkilməyə başlayır. Sonuncu dəfə isə 2010-cu ildə "Barışıq" filmində Moskvadan olan həkim obrazını canlandırıb.
Ondan sonra Nataliya yaradıcılığına nöqtə qoyur. Efirlərə demək olar ki, çıxmayan aktrisa sonuncu dəfə bu il Andreq Malaxovun "Salam Andrey" proqramında nağıl-filmlərə həsr olunmuş mövzu üzrə qonaq qismində iştirak edib. 

Azər NƏSİBOV