"Brilliant Dadaşova o xəbərin silinməsini istədi"- MİRHACİB MƏCİDLƏ MÜSAHİBƏ
    • 21-12-2021, 19:31
    • 6 366

"Brilliant Dadaşova o xəbərin silinməsini istədi"- MİRHACİB MƏCİDLƏ MÜSAHİBƏ

Bu gün "5 Media" şirkətinə məxsus olan “Axşam.az” saytının 9 yaşı tamam olur. Media məkanında öz sözünü deyən, uğurlara imza atan saytı özəl günündə biz də təbrik etdik və fürsətdən yararlanıb həmkarımız, saytın rəhbəri Mirhacib Məcidlə həmsöhbət olduq. 

Özəl günün özəl söhbətini News24.az-ın oxucularına da təqdim edirik: 

-    Bu gün “Axşam.az” saytının 9 yaşı tamam olur. Təbrik edirik! Bu illər ərzində sayt yetəri qədər uğur əldə edib. Bəs, hansı çətinliklərlə qarşılaşmısız?

-   Bəli, bu gün bizim üçün əlamətdar gündür. Təbrikə görə təşəkkür edirəm. Bilirsiniz ki, hansısa media resursunu gündəmdə və aktual saxlaya bilmək çox çətindir. Xüsusən də indi elə bir dövrdür ki, sosial şəbəkələrin sürətli inkişafı fonunda saytı oxunaqlı saxlamaq, maraqlı etmək çox qəlizdir. Əslində kənardan elə görünür ki, “Axşam.az”da böyük kollektiv çalışır. Amma elə deyil. Bizim kiçik kollektivimiz var və bütün zəhmət də onlara aiddir. 

“9 ildə yolumuz məhkəməyə düşməyib”

-    9 il bundan öncə bu gün “Axşam.az” yarananda saytın belə populyar olacağını gösləyirdinizmi?

-    Bəli, uğurlu olacağını bilirdim. Sadəcə, bu qədər sürətli olacağına inanmırdım. “Axşam.az” elə bir vaxtda yarandı ki, bu sahə üzrə saytlar az idi. Siyasətdən, sosialdan kənar məlumatlar yayan sayt həmin vaxt böyük marağa səbəb oldu.  Xatırlayıram ki, artıq 1 yaşımızda “Axşam.az” yetəri qədər populyar idi. 

-   "Axşam.az" yalnız axşamlar oxunaqlı olur, yoxsa, günün bütün saatlarında?

-    Reytinq həmin gün baş verən hadisələrə, gündəmə görə dəyişir. 

-    9 il ərzində sayt neçə dəfə məhkəməyə verilib?

-    Çox az. Doğrusu, heç yadıma da gəlmir. Əməkdaşlarımızın yolu hələ məhkəməyə düşməyib. Bir-iki nəfər məhkəməyə verməklə bağlı zəng edib, amma məhkəmə predmeti olacaq bir hadisə baş verməyib. Yəqin ki, bu da əməkdaşlarımızın işlərinə peşəkar yanaşması ilə bağlıdır. Həm də güman ki, sənət adamları bizimlə düşmənçilik etmək istəməyiblər. 

-    Sənət adamlarının çoxu kaprizlidirlər. Nazlarını çəkə bilirsiniz?


-    Yox, nazlarını çəkmirik. “Axşam.az” elə saytdır ki, sənət adamlarının təbliğatı ilə məşğul olur. Buna görə də, onların hamısının saytımıza xüsusi simpatiyası var. Bu da bizi sevindirir. 

-    “Axşam.az”dan əlavə “Qol.az” və “Sabah.az” saytlarına da rəhbərlik edirsiniz. Onlarda da bu effekti ala bilirsinizmi? 

-    2008-ci ildə “Qol.az” saytını yaratmışdıq. O zaman da idman sferasında sayt tək-tük idi. O da çox uğurlu alındı. İndi də “Qol.az” öz sferasında Azərbaycanın ən çox oxunan idman saytıdır. Bir neçə il keçəndən sonra isə “Axşam.az” ideyası yarandı. Ötən il isə düşündük ki, ictimai-siyasi sferada bütün xəbərlərimizi əhatə edəcək ümumi bir xəbər saytı “Sabah.az”ı yaradaq. Düzdür, hazırda saytı arzuladığımız, planladığımız kimi işlədə bilmirik. Bu da təbii ki, müəyyən məsələlərlə, maliyyə ilə bağlıdır. Amma “Sabah.az”la bağlı da planlarımız var. 

-    Bəs, atanız, hər işdə məsləhətçiniz Rəşad Məcid bu məsələlərə nə deyir? 


-    Bu barədə məndən soruşanda mütləqdir ki, Rəşad müəllimlə də bağlı sual olmalıdır. Hətta bir dəfə müsahibə vermişdim, ona başlıq çıxarmışdılar ki, ““Rəşad Məcidin oğlu” adından çıxmaq istəyirəm”. Rəşad müəllimin hər zaman dəstəyini görmüşük. O, hər zaman hər kəsə xeyirxah yanaşan, dəstəyini əsirgəməyən bir insandır. Bizə də böyük dəstəyi olub. Təbii ki, özümüzü müəyyən müstəviyə çıxara kimi. Amma indi işlər qaydasındadır. Saytlar nisbətən özünü maliyyələşdirə bilir. 

Atam o xəbərin saytdan silinməsini istədi...


-    Bəs, mediaya gələndə “ay bala, özünü “zülmə salma” demədi?

-    Yox, o ümumiyyətlə belə məsələlərdə demokratikdir. Qardaşlarımda da hansı sahəyə yönəlməsi ilə bağlı seçimi özlərinə buraxıb. Məndə də bu həvəs var idi. “Qol.az”ı da açanda son anda dedim. 

-     “525.az” və “Axşam.az”. Sizcə, hansı daha populyardır?

-    “525” həm qəzet, həm də sayt olaraq başqa formatda çalışır. Onlar gündəlik informasiya tipli xəbərlərlə məşğul olmurlar. Daha çox ziyalıların, tanınmış şəxslərin yazıları yayımlanır. Xüsusən, “525”in şənbə sayı çox maraqlı çıxır. Orada yayımlanan yazılar böyük kütlə üçün deyil. Buna görə də, sayt və qəzetin o qədər də böyük auditoriyasının olmaması təbiidir. “Axşam.az”da isə elə bir sahədir ki, maraq böyükdür. Ona görə də daha çox oxunur. 

-    Heç olubmu ki, Rəşad müəllim hansısa sənətçi ilə bağlı  xəbərin silinməsini istəsin?

-    (Gülür) O qədər olub ki... Hansısa sənətçi bilib ki, saytın rəhbəri Rəşad müəllimin oğludur və məni tanımadığı üçün birbaşa atama müraciət edib. 

Atamla mübahisələrimiz...


   Bəs, deyən kimi çıxarmısız, yoxsa etiraz etmisiz?

-    O məsələrdə çox etiraz etmişəm. Hətta mübahisələrimiz də olub. 

-    Məsələn, hansı sənətçi ilə bağlı olub?

-    Ad çəkməyə ehtiyac yoxdur.

   Tutaq ki, Xumar Qədimova ilə bağlı olub?

-    Xeyr, Xumar xanımla bağlı olmayıb. Onun bizimlə  münasibəti çox yaxşıdır. Brilliant Dadaşova ilə belə hal yaşamışıq. Hansısa informasiyanı çıxarmağımızı istəmişdi, biz də müqavimət göstərdik. 

“Axşam.az” onunla aramı vurdu 

-    Belə başa düşürəm, “Axşam. az”  sizin bir çoxları ilə aranızı vurub? 

-    (gülür) Belə hallar olur. Sadəcə, gündəlik iş prosesinə çevrildiyinə görə önəmsəmirik. Məsələn, bu yaxınlarda eşitdik ki, Şəbnəm Tovuzlu 2 il öncə yazılan hansısa xəbərə görə məhkəməyə müraciət edib. Yəni iş prosesində belə məqamlar baş verir bəzən. 

Amma bizim tutduğumuz bu yolda böyük ümidlərimiz, arzu və istəklərimiz var. Bilirsiniz ki, hazırda “Media Haqqında Qanun” Milli Məclisdə oxunuşdadır. Ümid edirik, 2022-ci mediamıza düşərli olacaq və reklam bazarının inkişafı üçün önəmli addımlar atılacaq. Çünki media gəlir gətirməlidir. Qazanc əldə etməlidir ki, daha da inkişaf edə, əməkdaşlarına yüksək məvacib verə bilsin, işin keyfiyyəti artsın. Biz də “Axşam.az”-la bağlı əlavə nələr edə biləcəyimiz barədə düşünürük. İndi sosial şəbəklərdə o qədər auditoriya toplanıb ki, onları sayta gətirmək çətinləşib. Buna görə də, daim tempi qoruyub saxlamaqla bağlı düşünürük. 

“İnstaqram” fenomen”i

-    Qızınız İpəkdən də danışaq, gələcəyin potensial jurnalistindən. Deyəsən, İpək Rəşad Məcid və Mirhacibin mediadakı varisi olacaq.

-    İpəyin potensialını üzə çıxarmaq babasının sayəsində oldu. Günlərin birində gördük ki, Rəşad müəllim onun üçün “Instagram” səhifəsi açıb və ora fotolarını, videolarını yerləşdirir. Hətta bir müddət o səhifəni Rəşad müəllim özü idarə edirdi. İpəkdə istedad hiss olunur. Tez-tez müəyyən mövzularla bağlı fikirlərini bildirir, böyük şairlərinizin şeirlərini deyir. 44 günlük Vətən müharibəsi zamanı odlu-alovlu çıxışlar edirdi. İndi İpəyin sosial şəbəkələrdə izləyiciləri formalaşır. Kiçik “Instagram” fenomeninə çevrilib. Gələcəkdə hansı sahəyə yönələcəyini isə zaman göstərəcək.