Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi
    • 23-12-2021, 18:25
    • 602

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi

Dekabrın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda növbəti iclası keçirilib. 

News24.az xəbər verir ki, onlayn iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi daxildir. 

Sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Məhkəmə-Hüquq Şurası 8 hakimin Apellyasiya Məhkəməsinə irəli çəkilməsi barədə cənab Prezidentə təkliflər verilib. Dövlət başçısı tərəfindən Məhkəmə-Hüquq Şurasının təklifləri dəstəklənərək məsələ Milli Məclisə təqdim olunub. 

Yeni qaydalara görə,  hər bir hakimin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə qaydalarına uyğun olaraq hakimlərin fəaliyyətinə hərtərəfli qiymət verilir. Bu il dekabr ayında hakimlərin fəaliyyətinin  qiymətləndirilməsi nəticələrinə əsasən 8 hakimin irəli çəkilməsi barədə təkliflər verilib. 
Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi üzrə Hüseyn Cavid Vaqif oğlu, Oruczadə Aytən Pənah qızı, Gəncə Apellyasiya Məhkəməsi üzrə Həsənov İslam Telman oğlu, İsgəndərova Aygül Vulqar qızı, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə Məmmədov Zahid Tahir oğlu, Şəki Apellyasiya Məhkəməsi üzrə Cavadova Günay İsmayıl qızı, Şirvan Apellyasiya Məhkəməsi üzrə Abdullayev İlkin Qismət oğlu və İsmayılov Orxan Nadir oğlunun hakimliyə namizədlikləri irəli sürülüb.

Onlayn iclasda çıxş edən deputat və Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, digər komitə üzvləri Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov, Erkin Qədirli, Vüqar İsgəndərov, Tahir Kərimli müzakirə olunan məsələ barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər. 
Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov  səsləndirilən fikirlərə münasibət bildirib, Şuranın kadr islahatlarına ciddi diqqət göstərdiyi qeyd edib.

Sonra Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitənin üzvləri  Elşən Musayev, Azay Quliyev, Əminə Ağazadə, Cəbi Quliyev, Sabir Hacıyev, Nurlan Həsənov, Kamal Cəfərov və Madər Musayev də iştirak ediblər.