AMEA-nın şöbə müdiri vəfat edib
    • 28-11-2018, 17:30
    • 1 380

AMEA-nın şöbə müdiri vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdri, tarix üzrə elmlər doktoru, professor, Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvü Həsən Əlibəyli vəfat edib.

O, 83 yaşında dünyasını dəyişib.
H.Əlibəyli Biləsuvar rayonunda dəfn olunub. 

Qeyd edək ki, Həsən Əlibəyli 1935-cı ildə Biləsuvar rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1958-1959-cu illərdə həmin fakültənin dekan köməkçisi vəzifəsində işləyib.

1959-1963-cü illərdə Əfqanıstanda fars dili mütərcimi işləyib, Əfqanıstan üzrə ekspert kimi vəzifələri icra edib.
1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub və 1967-ci ildə həmin institutda “Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946-1966-cı illər)” adlı namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1967-1972-ci illərdə İranda metallurgiya zavodunda baş mühəndisin köməkçisi və ictimai əsaslarla SSRİ-nin İsfahandakı Baş Konsulluğunda Protokol məsələləri üzrə attaşe vəzifəsində işləyib. 1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi və İran tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində müşavir və 1993-1994-cü illərdə Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili vəzifəsində işləyib.

1989-cu ildə SSRİ Xarici İşlər Naziriliyinin Diplomatiya Akademiyasında “İranın həmsərhəd Şərq ölkələri ilə siyasi münasibətləri (problemlər və təmayüllər)” adlı doktorluq dissretasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

Həsən Əlibəyli 6 monoqrafiyanın müəllifidir. Bundan başqa 120 adda məqaləsi Azərbaycanda və xaricdə müxtəlif elmi jurnal və toplularda çap olunub. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!

//Report.az