Dövlət Gömrük Komitəsi rəhbər vəzifələrə edilmiş təyinatları TƏSDİQLƏDİ – RƏSMİ
    • 8-01-2022, 11:44
    • 614

Dövlət Gömrük Komitəsi rəhbər vəzifələrə edilmiş təyinatları TƏSDİQLƏDİ – RƏSMİ

Dövlət Gömrük Komitəsi NEWS24.AZ saytnın ötən gün qurumda bir sıra rəhbər vəzifələrə edilmiş yeni təyinatlarla bağlı xəbərinə reaksiya verib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən saytımıza bildirilib ki, təyinatlar müvafiq kadr islahatları çərçivəsində həyata keçirilib. Açıqlamada deyilir:

“Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif “mülahizələr” yer alıb. 

Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib.  Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır”.

Qeyd edək ki, DGK sədri Səfər Mehdiyevin imzaladığı müvafiq əmrlə komitədə ümumilikdə 33 rəhbər vəzifəyə yeni təyinat edilib və ya rəhbər şəxslərin yeri dəyişdirilib.