Ermənilərin Kanadada Azərbaycana qarşı təxribatı: Məsələyə XİN qarışdı - FOTO
    • 29-11-2018, 17:06
    • 717

Ermənilərin Kanadada Azərbaycana qarşı təxribatı: Məsələyə XİN qarışdı - FOTO

Kanada dünyanın müxtəlif ölkələrindən insanların diqqətini cəlb edir. Statistikaya əsasən, demək olar ki, bütün ölkələrdən olan insanlar bu Şimali Amerika ölkəsinə baş çəkiblər.

İmmiqrantlar, xüsusən də Vankuver, Toronto və Monreal kimi şəhərlərdə məskən salırlar. Lakin bəzən kütləvi immiqrasiya ziddiyyətli nəticələrə səbəb olur. Hiddət doğuran insidentlərdən biri Torontonun şərq hissəsində yerləşən Skarboro rayonunda baş verib. 

Fotonu Media.Az-a Kanadada yaşayan azərbaycanlı Fariz Kərimli göndərib.

O bildirib ki, Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin qarşısında Kanada bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış rejimin də bayrağı asılıb. 

Kanadadakı azərbaycanlıları bu fakt qəzəbləndirib. Bu, o mənaya gəlir ki, beynəlxalq qanunları kobud şəkildə pozaraq, digər ölkənin ərazisini güclə ələ keçirmək mümkündür, necə ki ermənilər Azərbaycanın Dağlıq Qarabağ regionunda analoji addım atıb. 

“Bununla əlaqədar Toronto meriyasına müraciət edilib, ancaq cavab mənfi olub. Onlar bildiriblər ki, bu, “şəxsi mülkdür və nə isə etmək mümkün deyil”, - F.Kərimli qeyd edib.

Həmyerlilərimizə tam aydın deyil ki, şəxsi mülkdə beynəlxalq hüquq və prinsiplərin, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq təşkilatların hazırladığı digər sənədlərdə göstərilmiş qaydaların pozulmasına necə yol verilə bilər?

F.Kərimli əlavə edib ki, erməni tərəfi bütünlüklə Kanada ərazisində kifayət qədər güclü piar-kampaniya aparır, ayrı-ayrı soydaşlarımız isə dəstək almadan fərdi qaydada addımlar atmağa məcburdur. O hesab edir ki, bu cür məsələlər rəsmi Bakının iştirakı ilə dövlət səviyyəsində tənzimlənməlidir. 

Məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlanılıb.

Nazirlikdən bildirilib ki, bu məsələ ilə bağlı artıq məlumat alıblar və məşğul olacaqlar.