“İran hökuməti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir” - Nazir
    • 25-01-2022, 14:59
    • 571

“İran hökuməti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir” - Nazir

“Allahın adı ilə. Cənab Prezident, mən Sizi salamlayıram və Sizə, Azərbaycan xalqına cansağlığı, Azərbaycan dövlətinə uğurlar arzu edirəm. İran İslam Respublikasının Prezidenti cənab doktor Rəisinin səmimi salamlarını Sizə çatdırıram”.

News24.az xəbər verir ki, bu sözləri yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasimi Prezident İlham Əliyevin videoformatda qəbulunda çıxışı zamanı deyib.

“İran dövləti və İran xalqı adından şəxsən Sizə, Azərbaycan dövlətinə, Azərbaycan xalqına ərazilərin geri qaytarılmasında əldə etdiyiniz uğurlar və bu müharibədə qazandığınız Qələbə münasibətilə təbrik çatdırıram. Qeyd etdiyiniz kimi, Sizinlə cənab Prezident Rəisi arasında keçirilən görüş iki ölkə münasibətlərində yeni bir səhifə yaradacaq.

Biz dünən azad edilmiş əraziləri gördük, orada aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduq. Ümid edirəm ki, bu gün cənab Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq.

Onüçüncü hökumət, yəni, cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir”, - iranlı nazir vurğulayıb.