“Müharibənin fiziki və psixoloji travması sonsuzluğu artıra bilər” - İsrailli professor
    • 26-01-2022, 18:13
    • 6 189

“Müharibənin fiziki və psixoloji travması sonsuzluğu artıra bilər” - İsrailli professor

Professor Rabinoviç sonsuzluğu olan qadınlara və cütlüklərə tibbi yardım göstərən, hamiləliklərin (o cümlədən risk altında olan hamiləliklərin) monitorinqini həyata keçirən yüksək səviyyəli mütəxəssisidir. O, Tel-Əviv Universitetinin dosentidir. 
 
Prof. Rabinoviç qadınlarda və kişilərdə mayalanma problemlərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmışdır. O, süni mayalanma, yumurta donasiyası, mayalanma, uşaqlıq yolunun görüntülənməsi və təkrarlanan uşaq düşmələrinin müalicəsində geniş təcrübəyə malikdir. 
 
Professor Rabinoviç nüfuzlu San-Fransisko Universitetində mayalanma və fertilliyin endokrinologiyası üzrə ixtisaslaşmanı başa vurub, aparıcı beynəlxalq mətbuatda çoxsaylı tədqiqat məqalələri dərc edib və dünya üzrə 100-dən çox konfransda dəvət olunmuş məruzəçi kimi çıxış edib.
 
O, İsrail Doğuş Cəmiyyətinin, Amerika Endokrin Cəmiyyətinin, Reproduktiv Endokrinoloqlar Cəmiyyətinin və Yeniyetməlik Ginekologiyası üzrə İsrail Cəmiyyətinin üzvüdür.
 

İsrailli mütəxəssis, Şeba Tibb Mərkəzinin Ginekologiya və Doğum Mərkəzinin direktor müavini, Mamalıq və Ginekologiya şöbəsinin müdiri Prof. Jaron Rabinovici News24.az-a müsahibəsində müharibə, stress və nəsil artırma barədə danışır. 
 
- Sonsuzluqla stress arasında hansı bağlılıq var? 

- Həm fiziki, həm də zehni stress bütün bədənə müxtəlif yollarla təsir edir. Nəticədə gənc qadınlar şəxsi və ya iş həyatının çətin dövründə, məsələn, qohumlarını və ya dostlarını itirdikdən sonra, menstruasiya dövründə dəyişikliklərlə qarşılaşa bilərlər. Kişilər də eyni şəkildə reproduktiv funksiyada, sperma sayı və keyfiyyətində pozulma ilə qarşılaşa bilər. Belə dəyişikliklər mərkəzi sinir sistemini reproduktiv sistemlə birləşdirən məlum biokimyəvi yollardan qaynaqlanır. 

- Müharibə olan ölkələrdə qadınların ana olmasına mənfi təsir edən amillər varmı? 

- Bu məsələdə müharibənin təsirləri təsəvvüredilməz ola bilər. Onlar insan orqanizminə dəhşətli təsir göstərə bilir. Nəticədə müharibənin fiziki və psixoloji travması kişilərdə və qadınlarda sonsuzluq riskini artıra bilər. Həm güclü zehni stress dövrləri, həm də silah-sursatların tərkibindəki toksinlərin bədənə verdiyi birbaşa zərər kişi və qadın məhsuldarlığını poza bilər. Ancaq sonsuzluğun müalicəsi sahəsində əldə olunan ən son yeniliklər əsasında biz indi gələcək valideynlərə bir az ümid verə bilərik. 

- Sonsuzluğa görə hansı analizləri vermək daha doğrudur? 

- Qadın sonsuzluğunun diaqnozu üçün həyata keçirdiyimiz çoxsaylı testlər var, bunlara kliniki şübhələrə görə hormonal testlər, qan analizi, ultrasəs və görüntüləmə (rentgen, CT, MRT) daxil ola bilər. 

- İsrailin tibb elmi sonsuzluğun qarşısının alınması üçün başqa ölkələrdən hansı üstünlükləri ilə seçilir? 

- Müharibəyə yad olmayan bir ölkə olaraq İsraildə tibb stressin mayalanmaya təsirinin qarşısının alınması və bununla mübarizə aparan cütlüklərə valideynlik yolunda kömək etməkdə böyük uğur qazanıb. Milli tələbatın bir hissəsi olaraq hökumət süni mayalanma müalicələrini subsidiya edir və nəticədə İsraildə 25 süni mayalanma klinikası və adambaşına çox yüksək sayda süni mayalanma göstəricisi var. 
Ümumilikdə İsraildə və 3 il ardıcıl olaraq ABŞ-ın ən qabaqcıl jurnallarından biri olan “Newsweek” jurnalının Top-10 reytinqində dünyanın ən yaxşı xəstəxanaları sırasına daxil olan Şebada biz bir sıra son dərəcə mürəkkəb hadisələrlə üzləşmişik və son 20 ərzində dünya miqyasında böyük uğurlar əldə etmişik. Məsələn, ilk qonadotropin müalicələr, dünyada dördüncü süni mayalanma körpəsinin İsraildə dünyaya gəlməsi, oosit donorluğunun erkən tətbiqi, embrionun genetik diaqnozunun preimplantasiyası, mayalanmanın qorunması, yumurtalıq toxumasının dondurulması və homoloq transplantasiyadan sonra ilk insan övladının doğuşu əldə etdiyimiz uğurlardr. 
 
- Bəzi iddialara görə, qadınların arıq qalmaq üçün fasiləsiz idmanla məşğul olması, sistemli məşqlər də sonsuzluq yarada bilir. Bu nə qədər doğrudur? 

- Artıq çəki ilə yanaşı, az çəki də sonsuzluğa səbəb ola bilər. Həddindən artıq məşq etmək və çox arıqlamaq qadınların menstrual dövrlərinin müntəzəmliyinə və məhsuldarlığına təsir göstərə bilər. 

- Uzun müddət sonsuz qadın kimi yaşayan neçə pasiyentinizə sevinc bəxş edə bilmisiz? 

- Karyeram ərzində bir çox xəstələrimə kömək etmişəm. Bəziləri hətta uzun müddət sonsuz qalmış və mənə müraciət edənə qədər uğursuz müalicələr almışlar. Uzun illərdən sonra pasiyentlərimin valideyn olması, dünyaya gələn hər yeni körpə məni son dərəcə qürurlandırır və sonsuzluq üzrə mütəxəssis kimi mənim uğurlarımın, yüksələn karyeramın təsdiqidir.