Hamı müəllimi günahlandırır, valideynlərə “gözün üstə qaşın var” DEYƏN YOXDUR – Ekspertdən ETİRAZ
    • 27-01-2022, 15:17
    • 696

Hamı müəllimi günahlandırır, valideynlərə “gözün üstə qaşın var” DEYƏN YOXDUR – Ekspertdən ETİRAZ

165 nömrəli tam orta məktəbdə müəllimə qarşı hörmətsiz davranışlara yol verən şagirdlərlə bağlı müzakirələr səngimək bilmir. Şagirdlərin qeyri-etik davranışına görə müəllimin cəzalandırılması cəmiyyət tərəfindən etirazla qarşılanıb. Son zamanlar bu tip hadisələr çoxaldığından ekspert rəyini öyrənməyi qərara aldıq. 

-Müəllim-şagird münasibətlərində yaranan uçurumun alt qatında nə dayanır?
-Məsələnin həlli yolları nədir, hansı addımlar atılmalıdır? 

Bu suallar ətrafında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilovla həmsöhbət olduq.

O, News24.az-a açıqlamasında bildirib ki, verilən töhmətlər, cəzalar çıxış yolu deyil: 

“Bu günə kimi məktəblərdə dəfələrlə eyni hallar olub, müəllimlərə töhmət verilib, rəhbərliyə cəzalandırıcı tədbirlər görülüb. Ancaq əsas məsələ budur ki, dəyişən nədir? Bu hadisə səngiməmiş yenisi ortaya çıxır. Müəllimlərin əvvəlki nüfuzu qalmayıb. Məsələyə daim bitərəf yanaşırıq. Nə olsa, məktəbi ittiham edirik, valideynləri günahlandıran yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, atılan addımlar doğru deyil”. 

N.İsrafilov vurğulayıb ki, problemin kökünə baxmaq lazımdır. Biz nəticə üzərinə fokuslanırıq, ancaq səbəblər araşdırılmır. Azərbaycanda təhsillə bağlı bütün qanunvericilik müəlimlərin əməlini zorakılıq faktı kimi qiymətləndirməyə yönəlib. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə şagirdlərin, müəllimlərin, valideynlərin və s. hüquq və vəzifələri göstərilib. Lakin məsuliyyət məsələsi yoxdur. Nizamnamədə cavabdehlik məsələsi də qeyd edilməlidir. Valideyn və şagirdin məsuliyyətinə dair xüsusi maddələr salınmalıdır. Şagirdi döymək, söymək, sinifdə saxlamaq, məktəbdən qovmaq olmaz. Beləliklə, şagirdin cəzasızlıq sindromu onda məsuliyyətsizlik yaradır. Tərbiyə ailədən başlayır, məktəb sadəcə o tərbiyəni inkişaf etdirir”. 

Ekspert problemdən çıxış yollarını belə izah edib: “Dünya ölkələrinin əksəriyyətində valideynin məsuliyyəti barədə qanunvericilikdə müddəalar var. Bəzən valideynlər övladını məktəbə gətirir ki, “mən bunun öhdəsindən gələ bilmirəm”. Bu məsələlər həllini tapmalıdır. Biz statistikaya xidmət edən təhsil modeli ilə çalışırıq: “neçə uşaq universitetə girdi”, “abituriyentlər neçə bal topladı” və s. Halbuki məktəb təlim-tərbiyə ocağıdır. Tərbiyə işi yox dərəcəsindədir. Məktəblərdə tərbiyə işləri ilə bağlı müavinlər, psixoloqlar fəaliyyət göstərir, ancaq effekt çox aşağıdır. Ümumtəhsil məktəblərində tərbiyə ilə bağlı konsepsiya hazırlanmalıdır. Məktəb, valideyn, şagird məsuliyyəti bərabər paylanılmalıdır. Valideyn iclaslarını bərpa etmək lazımdır. Hazırda hər şey onlayn həll olunur. Valideynlərin övladlarının dərslərini müşahidə etməsi üçün yenidən “açıq qapı” günləri təşkil edilməlidir. Təhsil təkcə ümumdövlət işi yox, həm də ümumxalq işi, ümumilli məsələdir. Biz sovet təhsilinin təsirindən çıxmamış Qərb təsirinə yönəldik. Ancaq tələsdiyimiz üçün əlimizdəkini də itirdik”.

Qeyd edək ki, müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən 3 illik profilaktik uçota götürülüb. Məktəbin direktoru Vüqar Məmmədov bildirib ki, müəllimin etik davranış qaydalarını pozduğuna görə töhmət verilib. O əlavə edib ki, təşkilatçı müavin və direktor müavini haqqında da xüsusi təqdimat yazılıb. Direktor həmçinin qeyd edib ki, məktəbdə qeyri-etik hərəkət edənlər 9-cu sinifdə təhsil alır, onlar xüsusi risk qrupuna aid şagirdlərdir. Onun sözlərinə görə, bu şagirdlərin ilk belə tərbiyəsiz davranışı deyil. Onlar polisə çağırılaraq, izahatı alınıb. Fakt üzrə araşdırma aparılır.