Şagird intiharlarının bir neçə səbəbi var - NAZİR MÜAVİNİNDƏN VACİB AÇIQLAMA
    • 15-05-2019, 13:01
    • 859

Şagird intiharlarının bir neçə səbəbi var - NAZİR MÜAVİNİNDƏN VACİB AÇIQLAMA

Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var.

News24.az xəbər verir ki, bu gün “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bunu deyib.

Onun sözlərinə görə, bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur: "Uşaqların psixikası pozulduqda artıq həkimlər bu işə qarışmalıdırlar. Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimlənməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq".

F.Qurbanov deyib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir. Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır: "Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır".
Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır. Onlara təxminən 150 min müəllim dərs keçir: "Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq".