Baş Prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü - FOTO
    • 1-02-2022, 14:55
    • 535

Baş Prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü - FOTO

Fevralın 1-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə görüşüb.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Baş prokuror dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi sahədə aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluğun korrupsiyaya qarşı mübarizə, dövlət ittihamının müdafiəsi, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və qurumun cinayət təqibindən kənar fəaliyyəti barədə məlumat verib.

K.Əliyev Avropa Komissiyasının Tvininq və TAİEX alətləri çərçivəsində aktual hüquqi mövzulara həsr olunan çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd edib.

Cari ildə başlayacaq Tvininq layihəsi çərçivəsində Azərbaycan prokurorluğunun Litvanın hüquq mühafizə orqanları ilə cinayət aktivlərinin bərpası sahəsində birgə fəaliyyəti əməkdaşlığımızın bariz nümunəsi kimi qiymətləndirilib. Prokurorluqda beynəlxalq əməkdaşlıq sahəsinə xüsusi önəm verildiyini qeyd edən Baş prokuror Avropa İttifaqı üzv ölkələrinin hüquq mühafizə orqanları ilə əlaqələrin genişlənməsi istiqamətində atılan addımlar barədə səfirə məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən P.Mixalko Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Yekunda maraq kəsb edən digər məsələlər, o cümlədən Avropa İttifaqının Prokurorluğu (EPPO) və Dələduzluqla mübarizə Ofisi (OLAF) ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.