Bakıda sürücü avtobusu saxlayıb ağlayan uşağı sakitləşdirdi - VİDEO
    • 4-02-2022, 12:53
    • 452

Bakıda sürücü avtobusu saxlayıb ağlayan uşağı sakitləşdirdi - VİDEO

Bakıda sürücünün avtobusu saxlayıb ağlayan uşağı sakitləşdirməsinin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılaşıb.

News24.az xəbər verir ki, görüntülərlə bağlı Bakı Nəqliyyat Agentiliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Facebook" hesabında paylaşım edərək, görüntülərin 2 fevral tarixində “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkildiyini bildirib:
"Avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb. Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir. Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmasına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir".

M.Ağayev qeyd edib ki, 6 ildir ki, "BakuBus" MMC-də sürücü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib: "O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib. Xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb".