Azərbaycan Prezidenti iranlı həmkarını təbrik etdi
    • 11-02-2022, 10:04
    • 574

Azərbaycan Prezidenti iranlı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk.

Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir.

Aşqabadda Sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir.

İnanıram ki, Azərbaycan-İran münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və rifah diləyirəm".