Millimizin kapitanı: Duman və alovu canlı gördüm
    • Dünən, 17:32
    • 233

Millimizin kapitanı: Duman və alovu canlı gördüm

Futzal üzrə Azərbaycan millisinin kapitanı Rövşən Hüseynli təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub.

News24.az xəbər verir ki, bu barədə Report-a 33 yaşlı qolkiperin özü məlumat verib.

O, Qazaxıstanın "Astana" klubu ilə birgə Astana şəhərinə qayıtmaq üçün Aktau hava limanına yollanarkən faciəvi hadisəyə şahidlik edib:

"Qazaxıstan Kubokunun oyunlarına görə Aktau şəhərinə gəlmişdik. Geri qayıtmaq üçün "Astana" klubunun kollektivi ilə birlikdə avtobusa əyləşdik və Aktau hava limanına doğru hərəkət etməyə başladıq. Bu şəhərin hava limanına gedən yolunda olanlar bilir ki, ətraf açıqlıqdır və və hər tərəf aydın görünür. Birdən səs-küy düşdü ki, "təyyarə qəzaya uğrayıb". Dərhal başımı çevirdim və tüstü, duman və alovu canlı gördüm. Hadisə yerinə gələn yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və helikopterlər yaxınlığımızda idi. Hadisəyə görə Astanaya olan reysimiz 4 saat ləngidi. Təyyarədə olsaq da, nə vaxt havaya qalxacağımızı bilmirik".

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.

Son məlumata görə, 32 nəfər sağdır./Axar.az