Bakıda hərbi sursatlar tapıldı - VİDEO/FOTO
    • 12-02-2022, 11:10
    • 462

Bakıda hərbi sursatlar tapıldı - VİDEO/FOTO

Bakıda hərbi sursatlar tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd M-75 qumbarasının partladıcısı, 1 ədəd DM-11 tüstü minası və 60 ədəd müxtəlif çaplı patron olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib".