2022-2026-cı illər üçün Dövlət Proqramı hər il 400 nəfəri əhatə edəcək - Emin Əmrullayev
    • 1-03-2022, 14:50
    • 1 849

2022-2026-cı illər üçün Dövlət Proqramı hər il 400 nəfəri əhatə edəcək - Emin Əmrullayev

“2022-2026-cı illər üçün Dövlət Proqramı bu ildən başlayaraq hər il 400 nəfəri xarici ölkələrin ən nüfuzlu ailə təhsil ocaqlarındakı tədrisinin maliyyə dəstəyinin verilməsindən ibarətdir. Proqram çərçivəsində təhsillə bağlı bütün xərclər dövlət tərəfindən ödənilir. Proqramda bir sıra sahələr prioritet istiqamətlər olacaq".

News24.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, builki proqramın əvvəlkilərdən fərqi ondan ibarət olacaq ki, Təhsil Nazirliyi konkret proqramları elan edəcək: "Bir universitetdə bütün istiqamətlər keyfiyyətidir deyə bir reallıq yoxdur. Daha əlverişli və effektli ixtisaslar dövlət proqramına salınacaq.

Təxminən 30 marta qədər Təhsil Nazirliyi tərəfindən ilkin siyahılar təqdim olacaq. Zaman çox azdır. Hələ ki, qəbulu mümkün olan universitetlərə tələbələr sənəd verə bilərlər. Bu il dünyanın ən reytinqli 500 universitetlərini seçməyə üstünlük verəcəyik".

Nazir əlavə edib ki, may ayının sonu, iyun ayının əvvəlləri kənarda qalan tələbələr olduğu təqdirdə onlara da baxılacaq. 400 nəfəri tamamlamaq üçün bu addımı ata bilərik. Amma əvvəlcə ən yaxşıları seçməyə çalışacağıq. Əsas şərt ən nüfuzlu universitetlərdən birinə qəbul olmaqdır. Tələbənin bakalavr təhsilinin uyğunluğu da prioritet məsələdir".