Tovuz “ASAN Həyat” kompleksi - 2 il
    • 4-03-2022, 09:32
    • 623

Tovuz “ASAN Həyat” kompleksi - 2 il

Tovuz “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  4 mart 2020-ci il tarixində baş tutub.
 
News24.az xəbər verir ki, kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ASAN radio,  ABAD mərkəzi,  “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki, Kinoklub, ”ABAD məktəb” təlim mərkəzi, Hərbi Vətənpərvərlik Mərkəzi, ASAN Kafe fəaliyyət göstərir.
 
Tovuz regional “ASAN xidmət” mərkəzi 4 may 2020-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 525 000  minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir.
 
Tovuz “ABAD Factory” Bitkilərin emalı və qurudulması fabrikində sifariş əsasında 31 çeşid çay məhsulunun istehsalı həyata keçirilir ki, həmin məhsulların da 10 çeşidi hazırda  ABAD vasitəsi ilə pərakəndə satışa çıxarılır.
 
Çaylarla yanaşı sözügedən müəssisədə yerli meyvə quruları istehsal edilər və  topdan satış həyata keçirilir.
Tovuz “ABAD məktəb”ində hazırda tibb sahəsinin nəzəri hissəsini özündə ehtiva edən kurslar keçirilir. Eyni zamanda dərzilik, İT və digər peşələr üzrə təlimlərin təşkili üçün şərait mövcuddur.
 
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 64 nəfərdir. Bundan başqa, kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var.
 
Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində iştirak edirlər. Mərkəzin “ASAN xidmət”də yerləşməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradır.
 
Kompleksdə fəaliyyət göstərən Kinoklubda hərəsinin 63 nəfər tutumu olan 2 ədəd kinozal var.
 
Bundan başqa Kompleksin həyətində vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün park salınmışdır. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada 24 yerlik kafe var.