Biləsuvarda keçmiş məhkum 15 kq narkotiklə tutuldu
    • 4-03-2022, 10:47
    • 645

Biləsuvarda keçmiş məhkum 15 kq narkotiklə tutuldu

Biləsuvarda keçmiş məhkum 15 kq narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Zəhmətabad kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda ümumilikdə 11 kiloqram 630 qram heroin, 720 qram metamfetamin və 3 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla onun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Belə ki, C.Əliyev narkotik vasitələri həmin şəxs vasitəsilə əldə etdiyini və onun deyəcəyi yerlərə çatdırmaqla satışını təşkil etməli olduğunu etiraf edib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.