İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ
    • 31-03-2022, 14:06
    • 687

İlham Əliyev ATƏT sədrini qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

News24.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

-Sizi görməyə şadam. Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Bu, bizim gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Əlbəttə ki, ATƏT-in sədri olaraq sizinlə regionda postmünaqişə vəziyyətindən danışacağıq. Eyni zamanda, Polşa və Azərbaycan arasında ikitərəfli gündəlik də çox genişdir. Bilirsiniz ki, bu yaxınlarda Prezident Andjey Duda ilə bizim telefon söhbətimiz də olub. Mənim Prezidentlə Varşavada, Bakıda, Davosda görüşlərimlə bağlı çox yaxşı xatirələrim var. Bilirsiniz ki, biz müntəzəm olaraq bir-birimizlə təmasdayıq və ölkələrimiz arasındakı münasibətlər bizim güclü tərəfdaşlığımızı yaxşı nümayiş etdirir.

Həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib.

Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək.

Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası - hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var.

Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda vəhşikliklər törətdiklərini, tarixi, dini, mədəni abidələri və digər tikilələri dağıtdıqlarını qeyd etdi. İşğaldan azad olunmuş ərazilərdə hazırda ölkəmizin üzləşdiyi ən böyük problemin ermənilər tərəfindən basdırılan minalar olduğunu dedi.

Dövlətimizin başçısı 1-ci Ermənistan-Azərbaycan müharibəsindən indiyədək 4 min soydaşımızın itkin düşdüyünü ATƏT-in fəaliyyətdə olan sədri kimi Zbiqnev Raunun diqqətinə çatdırdı.

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Bakı şəhərinin gözəlliyinin onu heyran etdiyini deyib.

Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd etdi ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. ATƏT-in fəaliyyətdə olan sədri bu proseslərin Qafqaz regionu, eyni zamanda, Mərkəzi və Şərqi Avropa üçün də çox sevindirici olduğunu dedi və bunun gələcək üçün yeni imkanlar yaratdığını bildirdi.

Qonaq Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğuladı.

Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı olduğunu bildirib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

11:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

News24.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.