Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 53-cü iclasında iştirak edir
    • 8-04-2022, 16:12
    • 265

Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 53-cü iclasında iştirak edir

Azərbaycan Respublikası Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 7 və 8-də İtaliyanın Sirakuza şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib.

Hibrid formatda baş tutmuş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə videokonfrans vasitəsilə iştirak edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

Görüşdə prokurorların fəaliyyətinin təkmilləşdirilməsinə dair bir sıra təşkilati məsələlər, o cümlədən prokurorluq orqanları əməkdaşlarının cinayətkarlığa qarşı mübarizə sahəsində biliklərinin artırılması və formalaşmış əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Assosiasiyanın Qlobal Təhsil Akademiyası və Prokurorların Mübadilə Proqramı kimi təşəbbüslərin gələcək perspektivləri və onların inkişafı ilə bağlı təyin olunmuş büdcə məsələləri müzakirə edilmiş, BPA-nın rəhbər vəzifələrinə seçkilər keçirilmiş, habelə qurumun illik maliyyə hesabatları dinlənilmişdir. 
Azərbaycanın Assosiasiyanın təsis olunduğu vaxtdan fəaliyyətinə verdiyi töhfə və səmərəli əməkdaşlıq əlaqələri nəzərə alınaraq ölkəmizin prokurorluq orqanlarından 1 nəfər əməkdaşın təşkilatın Katibliyinə 1 il müddətinə ezam olunması müzakirə olunub.

Həmçinin tədbirdə əvvəlki iclaslarda ölkəmiz tərəfindən dəstəklənmiş qurumun 10-cu Regional Konfransının 2023-cü ildə İstanbul şəhərində, 2024-cü ildə baş tutacaq Assosiasiyanın Ümumi yığıncağı və illik konfransının isə Bakı şəhərində keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Tədbirdə iştirak etmək üçün İtaliyaya ezam olunmuş Baş prokurorun müavini Heydər Məmmədov və prokurorluğun digər əməkdaşları Sirakuza Beynəlxalq İnstitutunun rəhbərliyi, həmçinin BPA-nın Katibliyi və İcraiyyə Komitəsinin üzvləri ilə görüşlər keçirib, əməkdaşlıq məsələlərini müzakirə ediblər.