BDU-da “Koreya günləri” keçiriləcək - FOTO
    • 15-04-2022, 17:08
    • 332

BDU-da “Koreya günləri” keçiriləcək - FOTO

Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq Bakı Dövlət Universitetində (BDU) qonaq olub.

Universitetdən News24.az-a verilən məlumata görə, səfir əvvəlcə BDU-nun rektoru Elçin Babayevlə görüşüb.

Rektor səfirə Azərbaycanın ən böyük universiteti olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verib. Bildirib ki, Universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Son zamanlar BDU-da elektronlaşma, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması istiqamətində geniş işlər görülür.

Görüşdə Koreya universitetləri ilə ikili diplom, elmi əməkdaşlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, BDU-da Koreya hökuməti tərəfindən yaradılan strukturların fəaliyyətinin daha da genişləndirilməsi, bu ilin oktyabr ayında Universitetdə “Koreya günləri”nin keçirilməsi barədə razılıq əldə olunub.

Sonra səfir Heydər Əliyev lektoriyasında Şərqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin müəllim-tələbə heyəti üçün “Koreya və Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi: mübadilə vəziyyəti, əlaqələrin perspektivləri və gələcəkdə qarşıda duran məsələlər” mövzusunda mühazirə oxuyub.

Səfir qeyd edib ki, Azərbaycanla Koreya arasında 1992-ci ilin martın 23-də qurulan diplomatik əlaqələr son illər müxtəlif sahələr üzrə yüksələn xətlə inkişaf edir. Azərbaycanın son illər sürətli inkişaf edərək Cənubi Qafqazın ən qabaqcıl ölkəsinə çevrildiyini vurğulayan səfir bildirib ki, gələcəkdə Azərbaycan-Koreya iqtisadi əlaqələri daha da inkişaf edəcək.

Səfir iki ölkə arasında əlaqələrin daha da güclənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını və Koreya dilini, koreyaşünaslığı tədris edən BDU ilə əməkdaşlığın çox faydalı olacağına inandığını qeyd edib.

Səfir Li İn-Yonq daha sonra Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi ilə tanış olub.