FHN bölgələrdə maarifləndirmə tədbirləri keçirdi - FOTO
    • 16-04-2022, 13:43
    • 276

FHN bölgələrdə maarifləndirmə tədbirləri keçirdi - FOTO

Fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən News24.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən şəhər 2 saylı orta məktəbdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı şəhəri 2 və 9 saylı tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Müzəffəroba kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 18 saylı orta məktəbdə, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Qaravəlli kənd orta məktəbində maarifləndirmə tədbirləri baş tutub.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib