Beynəlxalq Bankın daha bir borcu - Məşhur vəkildən qalmaqallı paylaşım
    • 8-12-2018, 13:02
    • 785

Beynəlxalq Bankın daha bir borcu - Məşhur vəkildən qalmaqallı paylaşım

Vəkil Adil İsmayılov Azərbaycan Beynəlxalq Bankının (ABB) 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı şəkil paylaşıb. Həmin şəkildə ABB-nin borcları haqda müfəssəl məlumat yer alıb. Məlum olur ki, təkcə “Cargill” şirkətinə 715 milyon dollar borcu var.

Cahangir Hacıyev həbsinin ilk günlərindən məhkəmədən bir neçə şəxslə üzləşdirmə aparılmasını tələb edib. O şəxslərdən biri maliyyə naziri Samir Şərifov idi.
2015-ci ildə o, istintaqa vəsatətlə müraciət edib ki, Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edirdi. Cahangir Hacıyevin mövqeyi belə idi ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib.

Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri də bu işlərdə məsuliyyət daşıyır. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır.

Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini sübut edə bilsin. Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olubsa, bu, Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalı idi.


Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses - kreditlərin verilməsi - illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar. Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər?

Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür. Dövlət Beynəlxalq Bankdakı 51 faizlik payını Samir Şərifova (Maliyyə Nazirliyinə.red.) həvalə etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?

Cahangir Hacıyevin maliyyə naziri ilə üzləşdirmə tələb etməsi, dövlətin maraqlarının təmin olunması baxımından da tam uyğun və əsaslıdır.

//Qafqazinfo