Koronavirusdan sonra indi də “SƏSSİZ ÖLÜM” gəlir?  - Professor AÇIQLADI
    • 25-04-2022, 16:36
    • 560

Koronavirusdan sonra indi də “SƏSSİZ ÖLÜM” gəlir? - Professor AÇIQLADI

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb: “Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan hepatit virusuna indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb.

Azərbaycan Respublikasının səhiyyə qurumları tərəfindən respublika ərazisində epidimioloji vəziyyət dərhal araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb. Vətəndaşların nəzərinə çatdırırıq ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır”. 

Məsələ ilə bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla News24.az-a danışıb.

O bildirib ki, hepatit virusları hepatit A-nın forma dəyişikliyidir: “Bu virus mutasiyaya uğrayaraq, ayrı formalara keçib. Hepatit viruslarının çoxsaylı növləri var: A, B, C, D, E və s. Mövcud olan virus identifikasiya olunmalıdır və ona qarşı tədbirlər görülməlidir. Məsələn, hepatit B-nin vaksini var, hepatit C-nin isə yoxdur. Çünki hepatit C mutasiyalara uğrayıb və çoxsaylı formaları var. Hazırda məsələ ilə bağlı çox ciddi iş gedir. Bu, selektiv virusdur, qaraciyər hüceyrələrini seçir və tərkibində qalır. Viruslar hüceyrə daxilinə keçdikdən sonra yaşayır. Hepatit virusları adətən qaraciyər hüceyrələrində lövbər salırlar. Daha sonra hüceyrələrin resurslarından istifadə edib, çoxalırlar. Belə olan halda təbii ki, hüceyrələri sıradan çıxarırlar. Hepatitin çox sayda forması ciddi bir dəyişiklik yaratmır. Elmdə bu virusa bəzən “səssiz ölüm” də deyilir. Virus adətən yavaş-yavaş öz işini görür. Bir zaman xəstə ayılır ki, qarnına su toplanıb, yəni sirroz olub, yaxud da qaraciyər xərçəngi inkişaf edib.  Bu da insanların həyatının qısalmasına səbəb olur. 

Yeni yayılan hepatit virusunun mənşəyi məlum deyilsə, deməli, yoluxma yolu da bilinmir. Hava-damcı yolu və ya qandan keçdiyi dəqiqləşməlidir. Ancaq istənilən halda preventiv tədbirlər görməliyik. Profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamağa diqqət etməliyik. Xüsusilə, məktəblərdə diqqətli olmalıyıq. Hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlamalı, karantin rejiminə keçməliyik. Çox güman ki, bu virusun mənşəyi dünyanın aparıcı mərkəzlərində araşdırılır. Hər halda Ümumdünya Səhiyyə Təşkilatı bu virusla bağlı tədbir görüb, elan verəcək”. 

Professor virusun daha çox uşaqlar arasında yayılması məsələsinə də münasibət bildirib: “Daha çox uşaqların yoluxması infeksion ehtimalını ortaya atır. Bəlkə də bu virus məktəblərdən başlanğıc götürür. Təbii ki, birmənalı söz demək çətindir. Çünki hepatit virusları həm uşaqları, həm də böyükləri yoluxdurur. Sadəcə ilk yoluxanlar uşaqlar ola bilər”.