"Altın Kelebek"in bir-birini həzm edə bilməyən Azərbaycan birinciləri - Aygün və Röya - FOTO - VİDEO
    • 10-12-2018, 12:30
    • 3 112

"Altın Kelebek"in bir-birini həzm edə bilməyən Azərbaycan birinciləri - Aygün və Röya - FOTO - VİDEO

Ötən gecə xalq artisti Aygün Kazımova "Altın Kelebek" mükafatı ilə təltif edildi.

Türkiyədə keçirilən sözügedən mükafatlandırma mərasiminin 45-ci ildönümündə mükafat alan Kazımova çox sevincli görünürdü. Bu mükafatın xalq artisi kimi ən yüksək fəxri ada layiq görülmüş müğənninin karyerasında nə qədər önəm daşıdığını bilmirik, amma hiss olunurdu ki, Aygün mükafat aldığı üçün kəpənək kimi səhnədə uçurdu.

Qırmızı xalçada Lady Gaga sayağı əndrəbadi paltarda görünən A. Kazımova geyimi ilə adəti üzrə əvvəlcə tamaşaçıları təəccübləndirdi. Onun səhnəyə də eyni paltarda çıxıb-çıxmayacağı çoxunda maraq yaratmışdı. Amma Kazımova deyəsən geyiminin səhnə üçün o qədər də uğurlu olmadığının fərqində idi. O səbəbdən də mükafatı alarkən əynində başqa paltarla - daha uyğun geyimdə çıxdı. Mükafatını aldı, yarı türk, yarı azərbaycanca ürək sözlərini dedi və "Sus" oxudu...

Gecədən bu yana bir neçə yerli sənətçi sosial media hesabından Aygünü mükafat alması münasibətilə təbrik etməyə davam edir. Əslində müəyyən kütlə əməkdar artist Röyanın da Kazımovanı təbrik edəcəyini xəyal edirdi. Amma xəyalları reallaşmadı. Röya Aygünü təbrik etmək yerinə instagram hesabının hekayə bölümündə 1 il əvvəl özünün "Altın Kelebek" mükafatı aldığı görüntünü paylaşdı. Üstəlik də atmacalı şəkildə "Əminəm, hər il bunu bizə yaşadan layiqli və istedadlı olacaq" - yazdı. Bununla qalmayan Röya bir də xatırlatma verdi, həm də mediaya... "Unutmayın media bu ödülü ilk gətirən Röyanı"... Sanki üstündə 40-50 il keçmiş kimi bu xatıratmanı verməkdə Röyanın məqsədi nə idi, bunu anlamaq elə də çətin deyil. İlk başda, unudulmaq qorxusu. Ardından, Kazımova ilə illərin rəqabəti. O rəqabət ki, Röya solo karyeraya başlayandan Aygün anladı ki, Azərbaycan səhnəsinə tək və əvəzsiz rəqibi gəldi! Röya da bunu çox gözəl anlamışdı - rəqabət aparacağı tək qadın sənətçi Kazımovadır! Bu ikili karyeraları boyunca barışsalar da dost görünməyə çalışsalar da heç vaxt uğurlu nəticəyə müvəffəq ola bilmədilər! Birinin digərinə yenilmək qorxusu həmişə üstün gəldi ki, rəqabət alovu sönmədi və tam tərsi, alovlanmaqda davam edir. Aygün həmişə istədi ki, sənətə ondan çox sonra gələn Röya onun kölgəsində qalsın. Az qala istədi ki, Röya onu sənət muzası, hətta müəlliməsi belə adlandırsın. İnadcıl Röya isə tam tərsi, həmişə Aygünü istəklərinə dair qıcıqlandırmaqla məşğul oldu. Və bu hallar hələ də davam edir - yuxarıda qeyd etdiyimiz kimi, necə ki, ötən gecə Aygün "Altın Kelebek" alarkən Röya fürsətdən istifadə edib, təbrik etmək yerinə ilk olaraq özünün sözügedən mükafatı aldığını xatırlatdı. Amma arada nominasiya fərqi olduğunu unutdu. Röya "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasında mükafatlandırılarkən, Aygün "Azərbaycanın ilin qadın sənətçisi" nominasiyasında mükafata layiq görüldü. Demək ki, Röyanın özünü mediaya xatırlatmasına gərək yox idi. Nədən ki, əvvəla media onun mükafatı hansı ildə və hansı nominasiyada alıb, Azərbaycana neçənci gətirməsini gözəl xatırlayır. Eləcə də Aygünün mükafatı hansı nominasiya üzrə qazandığı gecədən bəri medianın yaxşı yaddaşındadır. Media belə məqamları unutmaz!... Və beləcə, nəticə etibarilə, hər ikisi də "Altın Kelebek"i Azərbaycana ayrı-ayrı nominasiyalarda gətirən ilk sənətçilər sayılırlar. Yəni, həmişə olduğu kimi - Aygün və Röya bir-birilərini adətləri üzrə "sevərək" Azərbaycanın şou-biznes tarixində yenə də ilkə imza atmış olublar.

Röyanın Aygünü təbrik etməməsi bir yana, Kazımovanın qızı İlqarənin bu saatlara qədər anasının uğurunu sosial media hesabında təbrik etməməsi daha betərdir...

Azər NƏSİBOV