Dövlət başçısı: "Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı haqda danışmaq hələ tezdir"
    • 30-04-2022, 02:27
    • 613

Dövlət başçısı: "Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı haqda danışmaq hələ tezdir"

"Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Bildiyiniz kimi, vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Hesab edirəm ki, belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün biz görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir və dediyim kimi, bizim əməkdaşlığımızın müstəqil xarakterini ortaya qoyur. Bizim bütün etdiklərimiz Azərbaycan xalqının maraqları naminədir ki, bu xalq uzun illər sürən işğaldan sonra sülh arzusundadır".

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Türkiyənin Maltəpə Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Həsən Unalın sualını cavablandırarkən deyib.

"Əlbəttə, siyasi və iqtisadi dialoq davam etməlidir və biz bunun tərəfdarıyıq. Siz Azərbaycan-Türkiyə-Rusiya üçbucağına toxundunuz. Bu, hələ baş verməyib, heç bir səviyyədə hər hansı rəsmi təmaslar başlamayıb.

Lakin bir sıra məsələlər var ki, onlar bir-biri ilə bağlıdır, xüsusilə də nəqliyyat və enerji sahələrində. Bizim ayrıca olaraq bu sahədə hər iki ölkə ilə fəal dialoqumuz var. Onların öz aralarında münasibətləri var, ancaq bu, heç vaxt üçtərəfli formatda olmayıb. Hesab edirəm ki, bu gün bu haqda danışmaq hələ tezdir. Hazırkı regional konfiqurasiya bizi qane edir.

Bizim bütün qonşularla yaxşı münasibətlərimiz var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da. Ümid edirik ki, Ermənistanla da yaxşı münasibətlər olacaq və beləliklə, biz sabitlik məkanı ilə əhatə olunacağıq. Bizim istəyimiz də məhz budur.

Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək"- Dövlət başçısı qeyd edib