Prezident: "Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik"
    • 30-04-2022, 01:55
    • 460

Prezident: "Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik"

Bilirsiniz, Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Türkiyə-Ermənistan prosesini dəstəkləyir:
"Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir. Gələcəkləri necə olacaq və özlərini regionda necə görürlər.

Bax, bu haqda yaxşı düşünməlidirlər. Fikrimcə, onların aydın anlayışı yoxdur. Onlar bütün illüziyaları bir kənara qoymalı, ordunu yenidən qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin rəsmi süqutu olacaqdır.

Biz müsbət meyilləri dəstəkləməyə hazırıq və bunu edirik. Bizim ümidlərimiz var, ancaq biz erməniləri sınamalıyıq, çünki bu günədək onlarla sülh ətrafında danışıqlar aparmamışıq.

Artıq bunun vaxtı çatıb. Dediyim kimi, sərhəd məsələsi ilə bağlı danışıqlar tezliklə başlayacaq. Sülh müqaviləsi ilə bağlı danışıqlara gəldikdə, biz başlamağa hazırıq və Ermənistan hökuməti tərəfindən tarixlərin verilməsini gözləyirik". /Report.az/