Bütün bayramları onlara borcluyuq... - Şəhid anaları və xanımları ilə Ramazan bayramı qeyd olundu
    • 2-05-2022, 13:36
    • 758

Bütün bayramları onlara borcluyuq... - Şəhid anaları və xanımları ilə Ramazan bayramı qeyd olundu

Onlar heç bir bayramda unudulmayacaqlar! 

News24.az xəbər verir ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı silsilə layihələrin davamı kimi şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirak etdiyi Ramazan tədbiri keçirilib. 

Layihə öz məqsədinə sadiq qalaraq əhatə dairəsini daha da genişlərdirir, daha çox şəhid ailəsini öz diqqətində saxlamağı hədəf götürür. İndiyə kimi 1000-dən çox şəhid ailəsini müxtəlif tədbirlərə dəvət edən, onlara həyatın bütün sahələrinə dair qayğı göstərən, mənəvi çətinliklərini aradan qaldırmağa çalışan  böyük komandanın hər tədbiri  həyəcan, duyğu dolu anlarla keçir. 

Ramazan öz mahiyyəti etibarı ilə doğru olan münasibətlərə, saf olan niyyətlərə səsləyişdir. Bu müqəddəsliyin içində Allah qatında ucalmış şəhidlərin anılması öz-özlüyündə bayramı təmiz duyğularla bütünləşdirir. Bu  bayramda xatırlanmaq ən çox şəhidlərin və onların haqqıdır. “Fire Land Production” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə bu bayramı da şəhidlərimizə həsr etdi. Tədbir Azman Holdinq ailəsinin restoranlar şəbəkəsinə daxil olan Manqal steak House-da baş tutdu. 

Saat 6-dan etibarən məkana gələn analar övladlarının ruhuna ehsan olsun deyə öz əlləri ilə halva hazırladılar. Bu kövrək anlara əlinin istisini qatanlar isə şəhid general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin anaları idi. 

İftardan öncə tədbirinin rəsmi açılışını vətənpərvər çıxışları ilə seçilən Lalə Azərtaş etdi və günün sonuna qədər bayram proqramının idarəçiliyini öz boynuna götürdü.  Tədbir şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükutla başladı, ardınca dövlət himni səsləndi.  “Şəhid anaları qürurla yaşlanırlar, onların xanımları ismətlə yaşayırlar, onlar qəhrəmanları  bu qələbəyə ruhlandıran  dişi aslanlardırlar” fikirləri ilə sözlərinə başladı. 

Söz rəsmi şəxslərə verildi.  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Elvin Əzizov, Milli Məclisin deputatları Ziyad Səmədzadə və  Arzu Nağıyev Vətən müharibəsində Dövlətimizin sarsılmaz iradəsini ifadə edən çıxışlar etdilər. 

 Sonra bayramın dini mahiyyətini sevilən din xadimi Hacı Şahin öz çıxışı ilə bir daha vurğuladı, şəhidliyin İslamdakı uca məqamından danışdı. 

Xalq şairi Ramiz Rövşənin 1994-cü ildə yazdığı “Ağ atlı igid” şeirindən sonra müasir və qalib Azərbaycana ithaf etdiyi “Vətənə tərif” şeirini səsləndirdi. 

Tədbirin rəsmi hissəsini  Alim Qasımovun   səsləndirdiyi heyrətamiz azan ifası tamamladı. 

 Bundan sonra İftar süfrəsi açıq elan edildi. Sevilən aparıcı Lalə Azərtaş tədbirin axarıyla qaziləri, şəhid ailələrini, dövlət rəsmilərini, ictimai xadimləri,  incəsənət nümayəndələrini ardıcıl olaraq çıxış üçün səhnəyə dəvət etdi. 

Tədbirin bədii hissəsindən əvvəl səhnəyə qazilər  Polad Rzayev və Vətən Cəfərli dəvət olundular.  Bu çıxışlardan sonra  əməkdar artist Fərqanə Qasımovanın səsləndirdiyi ifa ilə məclis daha da  təsirləndi.  Lalə Azərtaşın şəhid anası Səmayə xanımı  səhnəyə dəvət etməsi anaların bu müharibədəki fədakarlığına diqqəti yönəltdi. Muğam ifaçısı Mirələm Mirələmov bu tədbirdə bütün şəhidləri simvolizə edən Xudayarın səsi oldu. Günün məqsəd və məramına uyğun olan daha bir təsirli ifa əməkdar artist Sevda Ələkbərzadənin ecazkar səsindən eşidildi. O bütün şəhidlərin dilindən sanki, “Salam Allahım” dedi.  Bu emosional məqamda Lalə Azərtaşın  məğrur şəhid atası İldırım Cüməzadəyə  çıxış üçün söz verməsi ilə şəhid ailələri tablosu bütünləşdi. Tədbirdə iştirak edən Zabitə Alıyevanın ifasından sonra səhnəyə dəvət olunan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  Vətən müharibəsi qəhrəmanlarının fiziki hazırlığını vurğuladı,  şəhid idmançıları yad etdi. 52 gün komada olan şəhid Hikmət Səfərovun xanımı Gülnarə Səfərovanı “Fire Land Production” ailəsinə təşəkkür etdi, təşkilatçılarla şəhid yaxınlarının daha da doğmalaşdırdıqlarını dilə gətirdi. Tədbirdə iştirak edən Könül Xasiyevə bənzərsiz səsi ilə müharibədə şəhid verən fədakar qadınların yuxusuz gecələrini ifadə edən mahnısı ilə hər kəsi duyğulandırdı. Sonra Vətən müharibəsində hər biri 2 övlad itirmiş 4 şəhid anası kövrək çıxışlar etdilər. Sözügedən layihələrlə bağlı komandaya  hər zaman mötəbər səviyyədə  dəstək verən Azərbaycan Respublikasının Müdafiə Nazirliyini bu tədbirdə Qadınlar və Hərbi qulluqçuların ailələri üzrə iş şöbəsinin rəisi Zümrüd Səmədova təmsil edirdi. Onun təqdirəlayiq çıxışından sonra söz yenə də xalq artisti Alim Qasımova verildi. Alim Qasımov da bu layihə çərçivəsində hər zamankı kimi ailə üzvləri ilə iştirak edirdi.  O tədbirin bədii hissəsini bütün şəhidlərin xatirəsinə və Allaha səsləniş naminə “Xatirədir” nəğməsi ilə yekunlaşdırdı.  Cəlal Qurbanovun təşkil etdiyi bu silsilədən tədbirlərin hamısına öz ailəsi ilə bərabər qatılan xalq artistlərindən biri də  Zülfiyyə Xanbabayevadır. O bu dəfə də tədbirə həm qəlbindən gələn sözləri, həm də bənzərsiz ifasını Xalq artisti Alim Qasımovla bərabər təqdim etdi. 

Tədbirdə çıxış edənlərdən savayı  Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini, qərargah rəisi -  Zaur Zeynalov, Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev, televiziya məkanının unudulmaz səsləri olan Roza Tağıyeva, Şərqiyyə Hüseynova, tanınmış aparıcı Hacı Nuran iştirak etdilər. Möhtəşəm Ramazan tədbirin təşkilində görünməyən qəhrəmanlardan olan  Cəlal Qurbanov mətbuata fikirlərini bu cümlələrlə ifadə etdi: 

Möhtəşəm Ramazan tədbirin təşkilində görünməyən qəhrəmanlardan olan  Cəlal Qurbanov mətbuata fikirlərini bu cümlələrlə ifadə etdi: 

 “ Mənim atam qəhrəmandır” , “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində sayca 14-cü olan tədbirimizdir. Bütün tədbirlərimizin ən mötəbər qonaqları elə şəhid ailələridir. Biz onlara qayğı göstərməklə həm də  qürur tariximizin unudulmamasına çalışırıq. Onlar heç bir bayramda unudulmayacaqlar! Çünki, bütün bayramları onlara borcluyuq! İndiki şərəfi, qələbəni onlar bizə yaşadırlar. Biz də onların əmanətlərinə sədaqət göstərməkdə məsuliyyətliyik. Ali Baş Komandanın vurğuladığı kimi şəhid ailələri və qazilər daima diqqət mərkəzində saxlanılacaq. Layihə boyu başımızın tacı olan şəhid yaxınlarını polis qardaşlarımız da hörmətlə qarşılayır, gördükləri hər yerdə hərbi salamla ehtiram göstərirdilər.  İndiyə kimi bizim bu layihəyə dəstək verən Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir  Həsənov və Daxili İşlər Naziri Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm.” 

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi,  “Fire Land Production” və Azman Holdinqin  təşkilatçılığı ilə həyata keçirilib.