Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim
    • 11-12-2018, 11:53
    • 941

Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim

Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu  təzminatdan imtina edib.

"Qarabağ”ın çalışdırıcısı bununla bağlı fikrini ötən şənbə günü AFFA İcraiyyə Komitəsinin iclası zamanı federasiya rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, məhz həmin iclasda Qurbanovla müqavilənin ləğv edilməsi haqda qərar çıxarılıb. Beləliklə, 46 yaşlı məşqçi ilə ötən il imzalanmış 6 illik  müqavilənin müddəti cəmi 1 il çəkib. Sənəd  vaxtından əvvəl ləğv  olunduğundan Qurbanovla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, ona təzminat ödənməlidir. Əldə etdiyimiz xəbərə görə,  AFFA üzərinə götürdüyü bu  hüquqi öhdəliyi yerinə yetirməyə hazır olsa da, Qurbanov millidə pula görə  işləmədiyini söyləyərək təzminatdan boyun qaçırıb.

Millidəki fəaliyyətinə görə Q.Qurbanova AFFA-nın konkret nə qədər ödəməsi  barədə məlumat verilmir. Amma daha əvvəl millimizi çalışdırmış Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinə illik 1 milyon 200 min avro ödəndiyi barədə xəbərlər var idi.

//Qol.az