"Evimdən kəsib, qonşuya veriblər" - Bakıda mənzil qalmaqalı
    • 9-05-2022, 17:27
    • 1 185

"Evimdən kəsib, qonşuya veriblər" - Bakıda mənzil qalmaqalı

Saytımıza “Lider F” MTK şirkəti ilə bağlı şikayət daxil olub. 

News24.az-a narazılıqlarını ifadə edən Şəmsiyyə İmanova bildirib ki, o, uzun illər paytaxtın Nəsib bəy Yusifbəyli küçəsi ev 21 ünvanında yaşayıb. Ərazidə “Lider F” MTK pilot layihə çərçivəsində yaşayış binasının inşasına başlayıb. Narazılıq da elə bundan sonra yaranıb. Şəmsiyyə xanım deyir ki, şirkət ona 130 kvadratmetrlik mənzilinin müqabilində yeni tikilən binada 70 və 50 kvadratmetr olmaqla iki mənzil verəcəyini vəd edib: “Bina hazır olduqdan sonra isə MTK 50 kvadratmetrlik mənzilin sahəsini kiçildib. Bu hal iki dəfə təkrarlanıb və nəticədə mənzilin son sahəsi 39 kvadratmetr olub”. 


Şikayətçi bu halla razılaşmadığını və dəfələrlə MTK-dan söz verdikləri mənzili tələb etsə də, şirkətin buna məhəl qoymadığını vurğulayıb.
Ş. İmanova iddia edir ki, mənzilin kiçildilməsinin əsas səbəbi qonşusunun yaşayış sahəsini böyütməsinə icazə verilməsidir. Daha doğrusu, qonşu mənzilin sahibinin öncə tikilən divarı söküb, yerində daha enli divar tikməsidir. 


Qonşu mənzilin sahibinin qardaşı Zəfər Sahratov isə məsələnin onlarla bağlı olmadığını iddia edir: “Şirkət rəhbərliyi ilə aralarındakı narazılıqlarını gedib məhkəmədə həll etsinlər. Bizim burada nə günahımız var? Uçurulan divarın eni 8 santimetr idi. Ancaq qonşuların arasındakı divarın eni ən az 20-30 santimetr olmalıdır”.

Deyilənlərlə bağlı “Lider F” MTK-nın baş satış meneceri Nazim Quliyevin çalışdığı ofisin qapısını döydük. Həmin an şikayətçi Şəmsiyyə İmanova da içəri daxil olmaq istədi, ancaq Nazim Quliyev onun içəri daxil olmasını istəmədi, əlavə etdi ki, belə olarsa, danışmayacaq. 

Suallarımızı cavablayan N.Quliyev səslənən iddiaların əsassız olduğunu dilə gətirib. O, bildirib ki, bütün proses rəsmi sənədlərdə yer alıb. Hətta Şəmsiyyə İmanovaya sənəddə olduğundan əlavə 30 kvadratmetr də əlavə verilib: "Şəmsiyyə İmanovanın 129.89 kvadrat metrlik, divarlar da daxil omaqla, iki mənzili var. Hamamı, tualeti, mətbəxi də bura daxildir. Layihə də var, konstruksiya da, potokol da. Bundan əlavə layihəçini də çağırdıq, ölçdük, bircə həmin xanım qol çəkməli idi. Amma o, məndən pul istədi. Pulu nəyə görə istəyir?! Qanunvericilikdə də göstərilir ki, sökülən evə görə biz heç bir kvadratmetr də artıq verməli deyilik".


Sonda məsələyə münasibət bildirməsi üçün hüquqşünas Şamil Paşayevlə həmsöhbət olduq. O, saytımıza açıqlamasında bildirib ki, yeni tikilən binalarda kvadratın hesablanması ilə bağlı uzunmüddətli məhkəmə çəkişmələri olur: “Müqavilələrdə göstərilən kvadrat bir çox hallarda vətəndaşın çıxarış aldığı kvadratla üst-üstə düşmür. Qanunvericiliyin tələbinə əsasən, mənzilin sahəsi divarların içəri sərhədindən hesablanmalıdır. Ancaq MTK-ların bir çoxu sahəni evin çöl hissəsindən - divarın çölündən hesablayır. Qanunda göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdı. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.
Binanın isitmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.


MTK-lar vətəndaşdan evin bütün sahəsi üzrə kv.metr üzrə pul alır, amma qanunvericiliyin tələbinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən eyvan və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanmalı, yəni vətəndaşlar ödəniş edərkən balkon və terrasların sahəsinin 30%-nə görə, şüşəbənd və lociyaların isə 50%-nə görə ödəniş etməlidir.
Qanunla, mənzilin sahəsinə görə artıq pul ödəyən vətəndaş, çıxarış alarkən müqavilə və çıxarış arasındakı ziddiyyətlə bağlı MTK-ya müraciət edib, artıq ödənilmiş pulu geri tələb edə bilər. MTK-a ödənişi qaytarmaqdan imtina etdikdə müvafiq sənədləri əlavə etməklə məhkəmə müraciət edərək, dəymiş ziyanı geri almaq hüququ var. Bu məsələdə də vətəndaş məhkəməyə müraciət edib,  haqlı olduğu təqdirdə kompensasiyasını ala bilər”.

Daha ətraflı süjetdə: