Yaz niyə "gəlmir"? - Umayra Tağıyevadan AÇIQLAMA
    • 10-05-2022, 14:53
    • 501

Yaz niyə "gəlmir"? - Umayra Tağıyevadan AÇIQLAMA

“Havanın qeyri-sabit keçməsinin çaylarda sululuğun artmasına müsbət təsiri oldu”.

Bunu News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisi bildirib ki, hazırda temperatur çoxillik norma göstəriciləri ilə müqayisədə 4 dərəcə aşağıdır: “Türkiyədən hərəkət edən siklonun ölkə ərazisinə keçməsi yağıntılara səbəb olub. Ancaq intensiv yağıntılar tək Azərbaycanda yox, qonşu ölkələrdə də müşahidə olunur. Məhz buna görə də Kür çayına daxil olan suyun həcmində xeyli artım var. Hazırda aylıq normanın 113 faizi qeydə alınır. Bu isə ölkəmizin çaylarında suyun səviyyəsinin artması ilə nəticələnib. May ayının əvvəli ilə müqayisədə Kür çayının yuxarı axınında səviyyə 62 santimetr artıb. Qanıx çayında suyun səviyyəsi 1 metr 29 santimetr artıb. Yağıntılar bəzi rayonlarda hətta yarım aylıq normadan çox olub. Havaların anormal keçməsi sinoptik şəraitlə bağlıdır”. 

O əlavə edib ki, ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-nə gözlənilir: “Mayın 13-dən etibarən havanın temperaturu artacaq və 15-nə qədər mülayimləşəcək. Respublikanın rayonlarında 9 və 10 may tarixlərində fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir”.