Azərbaycanda orta aylıq əməkhaqqı 13 %-dən çox ARTDI
    • 13-05-2022, 13:34
    • 392

Azərbaycanda orta aylıq əməkhaqqı 13 %-dən çox ARTDI

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 % artaraq 809 manat olub.

News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 % artaraq 1 milyon 702,8 min nəfər olub.

Bildirilir ki, onlardan 905 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 797,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,6 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 13,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.