Azərbaycan və Pakistan parlament sədrlərinin görüşü oldu
    • 17-05-2022, 16:24
    • 325

Azərbaycan və Pakistan parlament sədrlərinin görüşü oldu

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən xəbərə görə, Sahibə Qafarova qeyd edib ki, ortaq dini və mədəni dəyərlər ölkələrimiz arasında dostluq və qardaşıq münasibətlərinin möhkəm bazasını təşkil edir.

Gələn ay Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində münasibətlərimiz uğurlu inkişaf yolu keçib.

Azərbaycan və Pakistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran spiker bildirib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərarası əlaqələrin inkişafına töhfələr verir. O, ötən il Pakistan İslam Respublikasına səfərini, həmçinin Azərbaycan, Türkiyə və Pakistan spikerlərinin Bakıda keçirilən Birinci Üçtərəfli görüşünü məmnunluqla xatırladaraq, qeyd edib ki, bu tədbirlər və görüşlər ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən və münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verilib.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf Azərbaycanın Pakistan üçün etibarlı dost və qardaş ölkə olduğunu, ölkəmizlə münasibətlərin inkişafına daim xüsusi önəm verdiklərini qeyd edib. O, Milli Assambleyanın sədri kimi, ilk səfərini Azərbaycana etdiyini, ölkəmizin surətli inkişafının təqdir olunduğunu, paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu diqqətə çatdırıb.

Raca Pərviz Əşrəf İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Milli Məclisinə təbrikini ifadə edib.

O, parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, Pakistan Milli Assambleyasının Azərbaycan Milli Məclisi ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirib, ikitərəfli əməkdaşlıq və beynəlxalq təşkilatlarda birgə fəaliyyətin önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.