Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı konfrans keçirildi - FOTO
    • 20-05-2022, 16:12
    • 425

Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı konfrans keçirildi - FOTO

Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Qazax şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib.

Bu barədə News24.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini, Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını və İkinci Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə yaradılan abidə kompleksini ziyarət edib.

Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Qazax, Tovuz və Ağstafa rayon prokurorları və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisad kollecinin tələbələri, media qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayon prokuroru Rauf Gözəlov çıxış edərək informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs ediblər.

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Mələk Əliyeva vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 220-ə qədər müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirərək vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülmüş kompleks işlər barədə məlumat verib.

Konfransda həmçinin son dövrlər aktuallığı ilə seçilən narkomaniya probleminin mübarizə yolları müzakirə olunub, tədbir iştirakçılarına Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən hazırlanmış “Narkomaniyaya yox de” adlı broşurları təqdim edilib.

Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.