Məktəblilər niyə bir-birinə bıçaq çəkir?
    • 23-05-2022, 18:06
    • 837

Məktəblilər niyə bir-birinə bıçaq çəkir?

Ötən həftənin ən təlaşlı, nigarançılıq doğuran xəbəri Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə yeniyetmələr arasında baş verən hadisə olub. Belə ki, yayılan xəbərlərə görə, məktəbin 9-cu sinif şagirdi, 8-ci sinif şagirdinə bıçaqla xəsarət yetirib. Hərçənd, məktəb rəhbərliyi bunu təkzib edərək uşaqların zarafatlaşdıqlarını və bu zaman onlardan birinin qolunun yüngülvari cızıldığını deyib.

Amma şəxsi münasibətlər zəminində baş verdiyi deyilən bu hadisə ciddi müzakirələrə səbəb olub. Kimi şagirdlərin bir-birinə belə aqressiv davranışlarının günahını təhsil aldığı məktəbdə, kimi ailəsində, kimi də onları əhatə edən çevrədə görür. 
Bəs, ekspertlər bu haqda nə düşünür?


Bununla bağlı News24.az-a danışan psixoloq Aida Sübhan yeniyetmələrin aqressiyasının səbəbini onların  sevgi və qayğıdan məhrum olması ilə əlaqələndirir: “Uşaqlar sevgisizlikdən özlərini yalqız hiss edirlər və zaman keçdikcə bu tənhalıq hissi onlarda istər ailə üzvlərinə, istərsə də yaşıdlarına aqressiv münasibətə çevrilir. Həm də bu yaşldakı uşaqlarda ətrafın diqqətini çəkmək istəyi olur. Müsbət davranışlarla diqqət çəkə bilməyənlər mənfi əməllərə yönəlirlər. Ümumilikdə isə aqressiya istənilən yaş qrupuna aid uşaqlarda ola bilər. Ona görə də valideynlərlə yanaşı, təhsil ocaqlarında fəaliyyət göstərən psixoloqlar da onlarla mütəmadi ünsiyyət qurmalı və diskussiya aparmalıdırlar.”

“Yeniyetmələri bu aqressiv davranışlardan necə qorumaq olar” sualını isə Aida Sübhan belə cavablayıb: “Məktəbdə psixoloqların sayı artmalıdır. Ola bilsin ki, bir sinifdə bir neçə uşaqda belə hallar müşahidə olunsun. O baxımdan bir psixoloqun eyni vaxtda bir neçə uşağa yardım etməsi mümkün deyil. Bəzən sinifdə bir uşağın aqressiyası bir neçə uşağa təsir göstərə bilir. Bununla yanaşı, təkcə şagirdlərlə deyil, ailələrlə də işlər görülməlidir. Ailədə diqqət, mehribanlıq, isti münasibət görən uşaqlar nadir hallarda aqressiv davranışlar göstərirlər. Sevgiylə böyüyən uşaqlar aqressiyadan uzaq olur”.

Təhsil eksperti Kamran Əsədovsa bu cür insidentlərin son aylarda ciddi şəkildə artdığını deyir. Şagirdlərin son 2 il ərzində təhsilin məsafədə təşkili nəticəsində ünsiyyətsiz qalması və yeniyetmələrin öz yaşına, psixologiyalarına uymayan informasiyalara məruz qalması onları bu cür aqressiv davranışlara sövq edir: “Son 1 ayda 3 şagird arasında bıçaqlanma baş verib. Bununla yanaşı müəllim-şagird münasibətlərində zorakılıqlar müşahidə olunur. Bu da onu göstərir ki, şagirdlərin psixoloji durumu ilə bağlı ciddi problemlərimiz var. Bunun səbəbi isə tədris prosesinin nəzarətsiz qalması, eyni zamanda müəllimlərin hüquqsuzluğu, yuxarı qurumlardan, şagirddən qorxması və s.-dir. Bütün bunlar da nəticədə təhsilə nəzarət mexanizminin itməsinə gətirib çıxarır”.

Müxbir: Qumral Əliyeva
Video: Nicat Niftəliyev