Meymunçiçəyi pandemiyaya səbəb olacaq? – Ekspertlər AÇIQLADI
    • 24-05-2022, 15:47
    • 851

Meymunçiçəyi pandemiyaya səbəb olacaq? – Ekspertlər AÇIQLADI

Son günlər Avropa ölkələrində kütləvi şəkildə yayılan meymunçiçəyi virusuna yoluxma halları artmaqdadır. Bu xəstəlik ölkəmizdə də təlaşa səbəb olub. 

News24.az-ın əməkdaşı məsələni araşdırmaq qərarına gəlib. 

TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva saytımıza açıqlamasında bildirib ki, TƏBİB tərəfindən dünyadakı proseslər təhlil olunur, buna uyğun addımlar atılır: “Meymunçiçəyi virusuna ölkəmizdə yoluxma halı qeyd olunmayıb. Meymunçiçəyi virusu yeni xəstəlik deyil. 1958-ci ildə meymunlarda aşkar edildikdən sonra insanlarda ilk hal 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.

Xəstəlik indiyə qədər Afrikada və sözügedən qitədən gələn insanlarda, yaxud da gəmiricilərdə aşkarlanırdı. Afrikadan kənarda aşkarlanan yoluxmaların sayı son həftədə artaraq, Afrikada müşahidə olunan halların ümumi sayını keçdiyi üçün xəstəlik Ümumdünya Səhiyyə Təşkilatının və elmi ictimaiyyətin diqqətini çəkib.


Xəstəliyin törədicisi DNT tərkibli çiçək virusu ailəsindən olan meymunçiçəyi virusudur (Monkeypox Virus). Mərkəzi və Qərbi Afrikada iki fərqli genetik alt tipin xəstəliyə səbəb olduğu bilinir. Qərbi Afrika alt tipi Mərkəzi Afrika (Konqo hövzəsi) alt tipindən daha yüngül xəstəliyə səbəb olur. Ötən həftə Afrikadan kənarda görülən virusların tam genetik analizi hələ tamamlanmayıb, lakin ilkin məlumatlar Qərbi Afrika alt tipinə işarə edir.
Bu virus meymun, sincab, siçovul və siçan kimi gəmiricilərdə rast gəlinən və onlardan insanlara keçən xəstəlikdir. Virus insanlara xəstəliyə yoluxmuş heyvanlarla, xəstə insanlarla və ya virusla çirklənmiş cansız əşyalarla (paltar, dəsmal, yataq dəsti və s.) və uzunmüddətli yaxın təmasla keçir. Virus sağlam insanlara dəridə, selikli qişalarda (ağız, burun, göz) və ya tənəffüs sistemindəki görünməz çatlar, cızıqlar vasitəsilə daxil olur. Yoluxmuş heyvanlardan insanlara ötürülmə dişləmə, qaşıma, qan, bədən mayeləri, heyvanın əti ilə təmas, zədələnmiş və ya bütün bunlarla çirklənmiş cansız materialla birbaşa təmasda baş verə bilər. İnsandan insana ötürülmənin, əsasən, böyük tənəffüs damcıları ilə baş verdiyi düşünülür. İnsandan insana ötürülməsi üçün üz-üzə, uzunmüddətli və yaxın təmas lazımdır, çünki böyük damlalar uzun məsafələri qət edə bilməz. 

“Çiçək” xəstəlikləri virusların törətdiyi oxşar xəstəliklərdir. Buna görə də çiçək və suçiçəyi xəstəliyində görülən dəri zədələrinə bənzər səpkilər meymunçiçəyində də müşahidə olunur. Ancaq bədəndəki səpkilərin həm yerləşməsi, həm görünüşü, həm də gedişatı fərqlidir. Digər mühüm fərq meymun çiçəyində limfa düyünlərinin şişməsidir. Son bir ay ərzində Afrika ölkələrində, İspaniya və Portuqaliya kimi Avropa ölkələrində olmuş insanlarda xəstəliyin əlamətlərinin olması bu xəstəlikdən şöbhələnməyə əsas verir. Meymunçiçəyi qızdırma, baş ağrısı, yorğunluq, geniş yayılmış bədən ağrıları, limfa düyünlərinin şişməsi və dəri səpkilərinə səbəb olur. Şikayətlər virusla təmasdan sonra orta hesabla 6-13 gün ərzində yaranır. 

Dəri səpkiləri qızdırma başlayandan 1-3 gün sonra əmələ gəlir, bədəndən daha çox üzdə, qollarda və ayaqlarda yaranır, ovuc və ayaq altlarında, ağızda, cinsiyyət orqanlarında və gözlərdə də aşkar edilə bilər. Səpkilərin sayı və forması dəyişkəndir, az və ya çox ola bilər. İlkin olaraq qızartı (makula) kimi başlayır və dəridən qalxır (papula); sonra onlar şəffaf maye ilə dolaraq “vezikul” görünüşü alırlar. Vezikullarin içərisində olan şəffaf maye sarımtıl mayeyə çevrilir və “pustul” əmələ gəlir. Pustullar qabıq bağlayır və qabıqlar düşdükdən sonra yaralar sağalır. Bu proses adətən 2-4 həftə çəkir və öz-özünə sağalır. İmmuniteti zəif olan insanlarda xəstəlik ağır keçə bilər. Xəstəliyə bakterial infeksiyalar əlavə oluna bilər, pnevmoniya, sepsis, ensefalit və görmə itkisi.

Meymunçiçəyinin COVID-19 kimi asimptomatik xəstəliklərə səbəb olmadığı düşünülür. Yoluxmuş şəxslərin simptomları biruzə verdiyinə görə onların erkən təcrid olunmasına zəmin yarnacaq və bununla da meymunçiçəyi virusunun pandemiyaya səbəb olma ehtimalı azalacaq”.

İnfeksionist əlavə edib ki, meymunçiçəyi adətən 2-4 həftə ərzində öz-özünə sağalır: “Bununla belə, ağır gedişli xəstəlik immuniteti zəif olan insanlarda və kiçik uşaqlarda müşahidə edilə bilər. Ümumiyyətlə, xəstələnən insanların 3-6%-ində ölümlə nəticələnə bilir. Mərkəzi Afrika alt tipində ölümcüllük 11%-ə çatsa da, son günlər yayılan Qərbi Afrika alt tipində ölümcüllük daha aşağıdır (1%).

Meymunçiçəyinin müalicəsi üçün spesifik dərman yoxdur. İndiyə qədər görülən hallar sidofovir, brinsidofovir, tekovirimat (ST-246) adlı virus əleyhinə dərmanlar və çiçək xəstəliyinə qarşı immunoqlobulinin tətbiqi ilə nəzarət altına alınıb. Tekovirimat adlı dərman heyvanlar və insanlar üzərində aparılan araşdırmalardan sonra 2022-ci ildə Avropa Dərman Agentliyi (EMA-Avropa Tibb Agentliyi) və ABŞ FDA tərəfindən təsdiqlənib, lakin dünyada geniş yayılmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, çiçək xəstəliyinə qarşı peyvənd meymun xəstəliyindən 85% qorunma təmin edəcək. 

Meymunçiçəyinin aydın əlamətləri və simptomları, mövcud məlumatlara görə asimptomatik infeksiyanın olmaması, sıx və uzunmüddətli təmasla ötürülməsi, DNT virusu kimi daha az mutasiyaya məruz qalması (COVID-19-da olduğu kimi yeni variantlar yoxdur) kimi amilləri nəzərə alsaq, COVID-19 kimi pandemiyaya səbəb olacağı gözlənilmir”.


Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edib ki, bu virusun Azərbaycana gəlməsi tam realdır: “Çünki biz qloballaşan dünyada yaşayırıq. Virusa yoluxan bir xəstənin Azərbaycana gəlməsi kifayətdir ki, ölkəmizdə də yayılsın. Belə olan təqdirdə lazımi karantin və izolyasiya tədbirləri görülməli, sərhəd keçid məntəqələrinə nəzarət gücləndirilməli, ÜST-ün tövsiyələri ilə hərəkət etməliyik. 

Bunu da əlavə edim ki, çiçək xəstəliyinə qarşı peyvənd olunan şəxslər bu xəstəliyə əksər hallarda yoluxmurlar. Yoluxan şəxslər isə xəstəliyi çox yüngül keçirir”.