Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub
    • 14-12-2018, 10:42
    • 904

Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub

Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 80 il ötür.

Özünəməxsus musiqi ənənələri ilə seçilən bu təhsil ocağının 80 illiyi münasibətilə Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyinin nümayəndələri, məktəbin yetirmələri və musiqisevərlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə teatrın foyesində məktəbin qazandığı uğurların əks olunduğu guşəyə və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Yubiley tədbirinin əvvəlində Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 80 ildə keçdiyi yola qısa nəzər salınıb, qazanılan nailiyyətlərdən danışılıb. Diqqətə çatdırılıb ki, 1938-ci ildə musiqi məktəbi kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1984-cü ildə əlavə şöbələrin açılması ilə uşaq incəsənət məktəbinə çevrilib. Fəaliyyəti dövründə məktəbin minlərlə məzunu olub. Hazırda onların əksəriyyəti Şəkidə, həmçinin respublikamızın digər şəhər və rayonlarında musiqi müəllimi, xoreoqraf, rəssam, ifaçı kimi fəaliyyət göstərirlər. Məktəbin məzunları arasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin, Sankt-Peterburq şəhərindəki Gertsen adına Universitetin folklor və musiqi kafedrasının professoru, sənətşünaslıq elmləri doktoru Faiq Çələbiyevin və onlarla tanınmış musiqiçinin adına rast gəlmək olar.
Diqqətə çatdırılıb ki, hazırda məktəbdə fortepiano, tar, kamança, skripka, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə 490 şagird təhsil alır. Onların təlim-təhsili ilə 187 nəfər müəllim məşğul olur. Məktəbin şagirdləri, musiqi və rəqs kollektivləri respublika səviyyəli müsabiqə və festivallarda həmişə uğurlu çıxışları ilə fərqlənib, mükafata layiq görülüblər. Məktəbin direktoru Eldar Rəcəbovun rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblı öz dəsti-xətti ilə seçilir və respublikamızın tanınmış musiqi kollektivlərindən biri hesab olunur.
Sonra Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin musiqi və rəqs kollektivləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov çıxış edərək, Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyinin qeyd edilməsinin Şəkinin mədəni həyatında olduqca əlamətdar hadisə olduğunu bildirib, kollektivə gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıblar.
Məktəbin direktoru Eldar Rəcəbova Şəki Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.

//AZƏRTAC