Kürün sahilində narkotik plantasiyası yaradanlar tutuldu - FOTO
    • 4-06-2022, 12:19
    • 243

Kürün sahilində narkotik plantasiyası yaradanlar tutuldu - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxsləri yaxalayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, polisə Kür çayının rayonun Ərəbqardaşbəyli kəndindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin əkilməsi barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələri əkən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 327 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən kənd ərazisində keçirilən digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan V.Məmmədovun əmisi oğlu, əvvəllər üç dəfə məhkum olunmuş Səttar Məmmədov da saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 73 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Saxlanılan qohumlar izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.

Aşkar olunan faktlarla bağlı Neftçala RPŞ-də cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.