“Nazirlər Allahın bacısı oğlanları deyil ki...” – Aqil Abbas
    • 9-06-2022, 16:00
    • 7 699

“Nazirlər Allahın bacısı oğlanları deyil ki...” – Aqil Abbas

“Qurban Qurbanovu milli komandada işləməyə qoymadılar, De Byazini gətirdilər. Milli komandanın nəticəsi ortadadır”.

Bu fikirləri News24.az-ın “Millət vəkilinə 5 sual” rubrikasının növbəti qonağı olan millət vəkili, yazıçı Aqil Abbas deyib.

Müsahibəni təqdim edirik:



- Milli məclisdə sizi qane etməyən nə var?

- Məni Milli Məclis qane edir. Lazım olan qanunları qəbul edirik. Təkliflərimizi verə bilirik və bu təkliflər nəzərə alınır. Qanunların necə idarə edilməsi isə artıq bizlik deyil.


- Nazirliklərin fəaliyyətindən razısınız?

- İş olan yerdə nöqsan da olur. Bütün nazirlər Allahın bacısı oğlanları deyil ki, hər işi vaxtında görsünlər. Amma çalışırlar, müəyyən islahatlar aparırlar. Məsələn, son zamanlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətindən razıyam. Əzəmətli "Teknofest" festivalını bu nazirlik keçirdi. Daha sonra Səhiyyə Nazirliyini qeyd edə bilərəm. Onlar da çox gərgin iş rejimində çalışırlar. Təhsil Nazirliyi də artan templə inkişaf edir. Düzdür, burada əsas islahatları Mikayıb Cabbarov başlatmışdı. Emin Əmrullayev hazırda bu işi davam etdirir. Yəni bütün nazirliklər çalışır. Amma ölkənin problemləri çoxdur. Azərbaycan 44 günlük savaşdan çıxıb. Şəhid və qazilərimiz var. Dövlətə xeyli ziyan dəyib. Birdən-birə hər şeyi həll etmək mümkün deyil. 

- Deputat Aqil Abbas xalqa daha yaxındır, yoxsa yazıçı Aqil Abbas?

- Heç bir fərq görmürəm. Əvvəldən necə idimsə, indi də həmin adamam. Deputatlıq mənim nəyimisə əlimdən almayıb. Hər zaman xalqın içindəyəm. Deputat camaatdan niyə qaçmalıdır?! Bəzən yolda gedəndə insanlar maşınımı saxlayırlar, dərd-sərini deyirlər. Ya da kəndə gedəndə 10-15 nəfərin yığışdığını görüb, maşından düşüb, söhbətləşirəm.  


- Elə bir mövzu olubmu ki, yazmaq istəyib, sonradan fikrinizdən daşınmısınız? 

- Xalq artisti Rafiq Hüseynov (Rəmiş) haqqında yazırdım, yarıda saxladım. Mənim ən sevdiyim sənətkardır. Hətta mən onu dahi adlandırardım. Təxminən 1982-ci ildə yazmağa başlamışdım. Hələ də yazıb bitirə bilmirəm. Rəmiş bir mahnını hər dəfə ayrı cür ifa edirdi. Onun xüsusi barmaqları vardı. O barmaqlar ifa zamanı dünyanın başqa yerlərini gəzib, geri qayıdırdı. Rəmiş necə çalırdısa, mən də yazını o cür yazmalıyam. Bir az vaxt problemləri də var. Amma yazıram, inşallah, tamamlayacağam. 

- Vaxtilə "Qarabağ" klubunun prezidenti olduğunuzu bilirik. Düzdür, bu klub  yaxşı oyun sərgiləyir, amma ümumən ölkə futbolu ürəkaçan deyil. Futbolumuzun xilasını nədə görürsünüz? Sizcə, hansı addımlar atılmalıdır?


- Futbolumuzu yerli məşqçilərə tapşırmaq lazımdır. Samir Abbasov “Neftçi”ni çempion etdi. Bu il də gümüş medal aldı. Amma işdən çıxardılar. Nə etməlidir ki? Ayxan Abbasov “Sumqayıt” komandasını qurdu, inkişaf etdirdi, axırda da Aleksey Baqanı baş məşqçi təyin etdilər. “Sumqayıt” ard-arda məğlubiyyətlər alır, bir söz deyən də yoxdur. Qurban Qurbanovu milli komandada işləməyə qoymadılar, De Byazini gətirdilər. Milli komandanın nəticəsi ortadadır. “Krasnodar”ın sabiq çalışdırıcısı Viktor Qonçarenkonu “Neftçi”yə gətirmək istəyiblər. O da Bakıya səfər edib. Bakı xoşuna gəlib. Xüsusilə, basdırma kabab, lüləylə ikranı bəyənib. Ancaq vurğulayıb ki, “gərək, özümlə 9 məşqçi gətirim”. 

Məşqçilərə 3 il vaxt verilməlidir. Bundan əlavə, transferləri, heyəti məşqçi seçməlidir. Qurban Qurbanov gəldiyi ilk ildə “Qarabağ”ı çempion etmədi. Ona da vaxt lazım oldu. AFFA “Sumqayıt”ın prezidentini işdən çıxarıb, “Səbail”ə göndərir. Prezidenti işdən çıxarmaq olar?! Bu, düzgün deyil. Ölkə çempionatında komandaların sayı azdır, uşaq futbolu və məhəllə futbolu yox kimidir. Bu yaxınlarda Azərbaycan milli komandasının Belarusla oyununa baxdım. O qədər mənasız, maraqsız bir oyun idi ki, yazıq şərhçi də yoruldu.

Məhərrəm Əliyev
Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev