Ərdoğan 3 dildə Yunanıstana xəbərdarlıq etdi - “Ağlını başına yığsın”
    • 10-06-2022, 00:20
    • 333

Ərdoğan 3 dildə Yunanıstana xəbərdarlıq etdi - “Ağlını başına yığsın”

“Yunanıstanı bir daha xəbərdar edirik ki, bir əsr əvvəl olduğu kimi xəyallardan, ritorikadan və təəssüflə nəticələnəcək hərəkətlərdən uzaq dursun, özünə gəlsin”.

New24.az xəbər verir ki, bunu rəsmi tviter hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb. 

Ərdoğan Egey adalarının silahlandırılması ilə bağlı Yunanıstana çox sərt reaksiya verib. O, üç dildə: ingilis, yunan və türkcə paylaşımlar edərək Yunanıstana bir daha açıq şəkildə xəbərdarlıq edib.

“Türkiyə heç kimin hüquq və qanunlarını pozmur, lakin öz hüquq və qanunlarını da heç kimə pozdurmaz. Şərqi Aralıq dənizində ölkəmizin materik hissəsinə 2 kilometrdən az, Yunanıstana isə 600 kilometrdən çox məsafədə olan Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq. 

Yunanıstan həm də Avropa Birliyinin üzvü olsa da, birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlıqlarına təzyiqlərini davam etdirir. Bizim görüş dəvətlərimizə belə cavab verməyən Yunanıstanın təxribatlarını sakitliklə qarşıladıq, amma görürük ki, həmsöhbətimiz bizim səbrimizi və soyuqqanlılığımızı yanlış anlayıb.

Biz Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan, peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, özünə gəlsin. Türkiyə Egeydəki hüquqlarından əl çəkməyəcək və lazım gəldikdə adaların silahlanmasına dair beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”.