Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
    • 16-06-2022, 11:54
    • 318

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 19-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanları keçiriləcək.

DİM-dən News24.az-a verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 582, BB qrupu üzrə 1544 olmaqla, ümumilikdə 2126 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 198 nəzarətçi‑müəllim, 18 buraxılış rejimi əməkdaşı ayrılıb.

Qeyd edilib ki, iyunun 19-da dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə də test imtahanı keçiriləcək. Bu imtahan, həmçinin BB vəzifə qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.