Rusiya dünyanı təhlükə qarşısında qoydu - “Bu, əsl müharibə cinayətidir”
    • 20-06-2022, 20:30
    • 342

Rusiya dünyanı təhlükə qarşısında qoydu - “Bu, əsl müharibə cinayətidir”

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Rusiyanın milyonlarla ton Ukrayna taxılının ixracını əngəlləməsini “müharibə cinayəti” adlandırıb.

News24.az xəbər verir ki, Borrell Rusiyanı Ukrayna limanlarını blokadadan çıxarmağa çağırıb.

“Dünyanın qalan hissəsində insanlar aclıqdan ölərkən Ukraynada milyonlarla ton buğdanı blokadada saxlamaq ağlasığmazdır. Bu, əsl müharibə cinayətidir, ona görə də bunun çox davam edəcəyini düşünmürəm”, - Aİ rəsmisi qeyd edib.

Borell bildirib ki, müharibənin təsirləri təkcə Ukrayna üçün deyil, bütün dünya üçün getdikcə daha təhlükəli hala gəlir: “Xüsusilə Afrikada böyük aclıq ehtimalına qarşı xəbərdarlıq edirik. Enerji və qida qiymətlərinin artmasına səbəb olan amil müharibədir. Bu böhranın səbəbi Rusiyaya qarşı sanksiyalar deyil”.

Aİ-nin sanksiyalarının Rusiyanın qida və gübrə məhsullarını əhatə etmədiyini deyən Borell Moskvanın Ukrayna taxılının ixracına mane olduğu üçün böhran yaşandığını söyləyib.

Borrell Rusiyanı Ukrayna limanlarının blokadasını qaldırmağa çağırıb və BMT-nin problemin həllini tapacağına əmin olduğunu bildirib.