Kiyevdə öldürülən azərbaycanlının cinayət işi Azərbaycanın Baş Prokurorluğuna göndərildi
    • 2-07-2022, 12:00
    • 388

Kiyevdə öldürülən azərbaycanlının cinayət işi Azərbaycanın Baş Prokurorluğuna göndərildi

Azərbaycan Respublikasının vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi  21.10.2020-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

Aparılmış istintaq tədbirləri ilə  Azərbaycan Respublikasının vətəndaşı  Həsənov Yasin Teymur oğlunun yaşadığı Kiyev şəhərində aralarında şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət ərzində davam etmiş mübahisə ilə əlaqədar  Davud Ağayevi  qəsdən öldürməklə ondan qisas almaq məqsədi ilə 03.07.2018-ci il tarixdə tanışı  Xəlilov Valeh Zaman oğlu və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 9 mm kalibrli tapança ilə silahlanıb Davud Ağayevin  restorandan çıxması barədə  məlumatı əldə etdikdən sonra həmin ünvana gəlib Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Davud Ağayevə yaxınlaşıb  yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə  hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.

28.10.2021-ci il tarixdə Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə)  maddələri ilə yekun ittiham elan olunmaqla barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə istintaq tamamlanaraq  aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.