Sumqayıtda dostu makleri  bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
    • 13-07-2022, 12:11
    • 346

Sumqayıtda dostu makleri bu səbəbdən öldürüb - TƏFƏRRÜAT

İyulun 10-u saat 15 radələrində Sumqayıt şəhərində törədilmiş qətlin təfərrüatı məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Sumqayıt sakini, 1965-ci il təvəllüdlü İsrayıl Quliyev ev alqı-satqısı ilə məşğul olurmuş.

Onu qətlə yetirən Emin Pirqurban da maklerlik fəaliyyəti ilə məşğul olub.

Onlar iyulun 10-da günorta saatlarında nahar vaxtı spirtli içki qəbul ediblər. Daha sonra Sumqayıtda 34-cü məhəllə adlanan ərazidə onlar arasında münaqişə baş verib. Davaya səbəb isə tərəflərdən birinin təhqiramiz ifadə işlətməsi olub. Bu zaman əvvəllər də məhkumluq həyatı yaşamış Emin Pirqurban bıçaqla İsrailə xəsarət yetirib. Zərbə İsrailin boğazına tuş gəlib və boğaz damarını kəsib. Nəticədə çoxlu qan itirən 57 yaşlı kişi dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Emin Pirqurban təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.