Zəngilan sakinləri:
    • 19-07-2022, 12:05
    • 428

Zəngilan sakinləri: "Ağalıya həmişəlik yaşamaq üçün qayıdırıq" - FOTO

"Bu gün tarixi anlar yaşayırıq. Biz öz kəndimizə, dədə-baba yurdumuza qayıdırıq. Çox sevincliyəm, bir neçə saat sonra ayağım o torpaqlara dəyəcək".

News24.az "Report"-a istinadən xəbər verir ki, açıqlamasında Zəngilan rayonunun Ağalı kəndinə köçən sakinlərdən biri olan Həcər Məmmədova bildirib.

"Allaha çox şükürlər olsun ki, bizə bu böyük günü qismət etdi. Hisslərimi sözlə ifadə edə bilmirəm, çox qürurluyam", - o söyləyib.

Ağalı sakini söyləyib ki, 29 il əvvəl ailəsinin çıxmaq məcburiyyətində qaldığı Vətənə qurub-yaratmaq üçün qayıdır: "Bu gün bizimlə birlikdə köçən ailələrə də uğur arzulayıram. Atam mayın 27-sində kəndin açılışında iştirak edib. Anamın Zəngilandan çıxanda 19, atamın isə 27 yaşı olub. Qardaşım və mən Bakıda dünyaya göz açmışıq, oranı görməmişik. Mənim qürur hisslərim, sevinc və həyəcanım həm də məhz bununla bağlıdır ki, ilk dəfə ora ayaq basacam".

Ağalı kəndinin sakini Bayram Məmmədov da Vətənə qayıtdığına görə sevincli və qürurlu olduğunu söyləyib: "Biz çox qürurluyuq, sevincimizin həddi-hüdudu yoxdur. Qarabağa Böyük qayıdış bu gün bizdən başlayır".

O, 1993-cü ildə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən Ağalı səkinlərindən biridir.
B.Məmmədov deyib ki, 29 il əvvəl çıxmaq məcburiyyətində qaldığı kəndinə qayıtmağın böyük sevincini yaşayır:

"10 ailə hazırda doğma kəndimizə doğru yol alır. Mərhələli şəkildə bütün ailələr köçəcək. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandana təşəkkür edirik, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram".

B.Məmmədov bildirib ki, mayın 27-sində Prezident İlham Əliyev Ağalı kəndinin açılışını edərkən onlar da orada olublar: "Dövlət başçısı 13 ailə ilə görüşdü, onlardan biri də bizim ailə idi. Bu artıq bizim ikinci səfərimizdir, bu dəfə biz Ağalıda daim yaşamağa gedirik".