Sumqayıtda qaydaları pozan istirahət mərkəzi cərimələndi
    • 22-07-2022, 12:36
    • 302

Sumqayıtda qaydaları pozan istirahət mərkəzi cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.  

News24.az xəbər verir ki, iyulun 19-da keçirilən növbəti belə tədbir zamanı Sumqayıt şəhərində dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması, məişət tullantılarının qalaqlanması və çirkab sularının axıdılması faktları aşkar edilib. 

İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması), 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduğuna görə həmin istirahət mərkəzinin vəzifəli şəxsi İ.Quliyev barəsində inzibati xəta haqqında protokol tərtib olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.