Orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişdi - QƏRAR - VİDEO
    • 24-12-2018, 10:25
    • 1 026

Orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişdi - QƏRAR - VİDEO

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Müvafiq qərarı dekabrın 19-da baş nazir Novruz Məmmədov imzalayıb.
Yeni qaydalarla, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu 300 ballıq (bundan əvvəl 200 ballıq) şkala üzrə topladıqları bala əsasən həyata keçiriləcək.

Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir:
- birinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti üç saatdır;

- ikinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti üç saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. 
İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. 

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanı, eləcə də bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. 
Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. 

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Qəbul (buraxılış) imtahanlarının nəticələri iki il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti birinci mərhələdə bir saat artırılır.


//Oxu