Dənizdə boğulmaların əsas səbəbi... - EKSPERTDƏN AÇIQLAMA
    • 23-07-2022, 16:25
    • 871

Dənizdə boğulmaların əsas səbəbi... - EKSPERTDƏN AÇIQLAMA

Daha 8 nəfər, daha 4 nəfər, daha 2 nəfər, daha 6 nəfər... Yay başlayandan az qala hər gün dənizdə, göldə, çayda, kanalda boğulub ölənlərlə bağlı xəbərlər alırıq.  İstidən qaçıb sərinləmək üçün özünü dənizə, çaya vuranların istirahət arzusu bəzən gözündə qalır. Ələlxüsus da Xəzərdə çimib dincəlmək istəyənlərin bu arzusu faciə ilə bitir. Bəs, dənizin tez-tez can almasının səbəbi nədir? İnsanların çimmək üçün təhlükəli məkanlar seçməsi, üzmək bacarığının yetərli olmaması, yoxsa dənizin dibindəki tektonik dəyişikliklər? 

Bununla bağlı News24.az-a danışan  “FS klub Kristal”ın üzgüçü-məşqçisi Günay Hacıyeva bunun əsas səbəbini insanların üzgüçülüyün texnikasını yaxşı bilməmələri ilə əlaqələndirib. O bildirib ki, dənizə girən hər kəs üzməyi yaxşı bacarmalı və təhlükə anında xilas olmağın yolunu öyrənməlidir: “Boğulma bir neçə səbəbdən ola bilər. Başlıca səbəb odur ki, insanlar necə üzmək lazım olduğunu və təhlükədən xilas yolunu bilmir. Elə vaxtlar var ki, o zaman dənizə girmək məsləhət görülmür. Hava küləkli olanda, dalğalar yüksək olanda qətiyyən dənizə girmək olmaz. Dalğa insanı çəkib özü ilə apara bilir. Eyni zamanda boğulmaqdan xilas olmaq üçün də xüsusi texnikalar var. Boğulan şəxs əl-qolunu çox hərəkət etdirməməlidir.

Qorxudan tez-tez hərəkət edirsən, yorulursan bununla da gücün tükənir və boğulmağa başlayırsan.  Həmin insanlar dalğa gələn zaman nəfəs alıb suyun altına girməli, daha sakit yerdən çıxmalıdır. Aldığı nəfəsi də düzgün israf etməyi bacarmalıdır. Həmin şəxs o anda düşünməlidir ki, vəziyyətdən çıxa bilər və bunun üçün təlaşlanmamağa çalışmalıdır. Boğulan adamı xilas edən şəxs də bunun qaydasını bilməlidir. Həmin şəxsə arxadan yaxınlaşmaq faydalıdır. Öndən yaxınlaşanda o adam xilas olmaq üçün digər insanı suya salıb boğa bilər”.

Məşqçi qeyd edir ki, bəzən hovuzda üzə bilən insanlar dənizdə də üzə biləcəyini düşünüb arxayınlaşırlar: “Bu, yalnış fikirdir. Çünki dənizlə hovuzun su sıxlığı eyni deyil. Bəzən insanlar buna güvənib daha dərinə gedir yaxud üzmək üçün müəyyən olunan hissədən kənarlaşırlar. Bu da boğulmaların sayını artırır”.

Mütəxəssis eyni zamanda dənizdən kənar gəzməli olan insanlara da səslənib: “İçkili vəziyyətdə və tox qarına da üzmək olmaz. Bu, həm ağırlıq, həm də təngnəfəslik verə bilər. Uzun müddət hərəkətsiz qalan, ürəyində problemləri olan, təzyiq, qıcolmadan əziyyət çəkənlərə də sudan uzaq durmağı məsləhət görürük. Ümumiyyətlə özünü tam sağlam hiss etməyən insanlar üzməməlidir. Eyni zamanda suyun psixloloji təsiri də var. Hər tərəfin su olması da insanı həyəcanlandıra bilər. Bunlarla birgə psixoloji hazırlıq da vacibdir. Sadalanan texnikaları bilən insanların boğulma təhlükəsi çox azdır”.

“Dənizin dibində gedən proseslərin burulğanların insanların batmasına heç bir təsiri ola bilməz”. 

Bu  fikirləri isə AMEA-nın Coğrafiya institunun əməkdaşı Ənvər Əliyev deyib. Onun fikrincə, textonik proseslər təkcə dənizdə yox, yerin istənilən hissəsində gedir: “Lakin bu proseslərin insanların boğulması ilə bağlılığı yoxdur. Tektonika elə bir proses deyil ki, insanları çəkib aparsın, boğulmasına səbəb olsun. Dənizin dibində boşluq yarandı, “qum çəkib apardı” kimi fikirlər cəfəngiyyatdır. Dənizdə boğulmaların əsas səbəbi ehtiyatsızlıq, müəyyən olunan qaydalara əməl etməməkdir”. 
Qumral Əliyeva