Magistraturaya qeydiyyat müddəti uzadılıb
    • 25-07-2022, 10:50
    • 374

Magistraturaya qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.
Bu barədə News24.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər 26 iyul saat 23:59-dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Bakalavrlar https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

25 iyul saat 09:00-a olan məlumata əsasən magistraturaya qəbul olunan 11867 nəfərdən 10747 nəfəri portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 9675 bakalavrın müraciəti yoxlanılaraq təsdiq olunub.

Qeydiyyat müddəti 26 iyul saat 23:59-dək davam edəcək.

Qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavabları ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar əlavə məlumat əldə etmək üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Verilən müddət ərzində qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.