Deputat qazini təhqir edən aparıcıdan danışdı
    • 27-07-2022, 19:02
    • 2 510

Deputat qazini təhqir edən aparıcıdan danışdı

Aparıcı Azər Zahidin qazilərlə görüşdə gözdən əlil olan Qarabağ qazisinə qeyri-etik ifadə işlətməsi ictimaiyyətdə qəzəblə qarşılanıb. 

Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı News24.az-a danışıb.

O bildirib ki, sosial şəbəkələr nəzarət etmək imkanları məhdud olan sahədir: “Bu məsələ cəmiyyətin ictimai əxlaq qaydaları ilə bağlı hadisədir. İnsanlarımızın əksəriyyəti bayağılığa meyil edir. “TikTok”da daha çox dünyagörüşü və təhsili aşağı olan insanlar ön planda olur, tanınır. “TikTok”dan istifadə edən bir çox izləyicilər düşünməyi arxa plana ataraq, vaxtlarını öldürməyə çalışırlar. Azərbaycanda təhsil səviyyəsi aşağı olduğu üçün “TikTok” daha çox populyarlaşıb. İstisna faydalı kanallar olsa da, bir çox şəxs o platformada səviyyəsiz formada özünü tanıdır. “TikTok”dan narkomaniyaya, intiharlara, ümidsizliyə qarşı çağırışlar etmək üçün istifadə etmək olar. Ancaq bizim kimi cəmiyyətlərdə insanlar tanınan şəxslərdən onları düşünməyə sövq etməyən paylaşımlar etməyə təkid edirlər”. 

Deputat əlavə edib ki, qazilərlə bağlı məsələnin də belə spekulyasiya edilməsi, onlarla bağlı müəyyən çağırışların olması, yaxud da onların təhqirə məruz qalması məhz sadalanan xarakterik xüsusiyyətlərdən irəli gəlir: “Biz çalışmalıyıq ki, səviyyə standartlarını qaldıraq. İnsanların tələblərinin keyfiyyətini yüksəltməliyik ki, onlar bu cür mənasız çağırışların arxasınca getməsinlər”.